Neft asılılığı daha neçə il davam edəcək? – Vahid Əhmədov açıqladı

Neft asılılığı daha neçə il davam edəcək? – Vahid Əhmədov açıqladı

“Dövlət büdcəsinin 60 faizini məhz neft və neft məhsullarından əldə olunan gəlirlər təşkil edir”.

OilGas.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “Moody`s” beynəlxalq reytinq Agentliyinin Azərbaycanda neftdən asılılığın hələ 15-30 il davam edəcəyinə dair proqnozuna münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatında neftin “hegemon”luğu hətta 40 il də davam edə bilər:

“Bildiyiniz kimi, Azərbaycan neft sektoruna – neftin çıxarılmasına, onun ixracına, kəmərlərin çəkilişinə böyük həcmdə sərmayə qoyub. Hesablamalara əsasən, Azərbaycanda hələ 100-150 il müddətinə çıxarılacaq qədər neft ehtiyatları mövcuddur, hələ işlənməyən yeni yataqlar var.

Ona görə də, Azərbaycanın ixrac potensialında neft mühüm yer tutmaqda davam edəcək. Doğrudur, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılır, yeni müəssisələr, sənaye parkları, fabrik-zavodlar açılır.

Lakin dünya bazarında neftə tələbat böyük olduğu üçün ola bilər ki, neft hələ 25-30 il ərzində Azərbaycanın ixracatında əsas yeri tutsun. Burada qeyri-adi heç nə yoxdur.

Biz hazırda 2018-ci il dövlət büdcəsinin icrasını müzakirə edirik. Məsələn, həmin büdcənin altmış faizi məhz neft və neft məhsullarından əldə olunan gəlirlər hesabına formalaşıb. Buna adi baxmaq lazımdır.

Doğrudur, biz çalışırıq ki, qeyri-neft sektoru inkişaf etdirilsin, Azərbaycan iqtisadiyyatı və büdcəsi neftdən asılı olmasın. Amma nəzərə alaq ki, bu, bir-iki ilin məsələsi deyil. Bunun üçün kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrdə ciddi irəliləyişlər olmalıdır.

O baxımdan, mən də belə hesab edirəm ki, qarşıdakı 25-30, hətta 40 il müddətində Azərbaycanın neftdən asılılığı davam edə bilər”.

256 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ