Natiq Əliyevin xatirəsi anıldı

Natiq Əliyevin xatirəsi anıldı

Bu gün Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin vəfatından bir il ötür.

Energetika Nazirliyindən OilGas.az-a verilən məlumata görə, bu münasibətlə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, “Azəristiliktəchizat “ASC-nin sədri Yaşar Həsənov və digər şəxslər II Fəxri xiyabanda mərhumun məzarı önünə əklil və güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbirində tanınmış ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, əməkdar mühəndis Natiq Əliyevin ölkəmizin neft-qaz sənayesindəki fəaliyyəti, müstəqil Azərbaycanın enerji tarixindəki xidmətlərindən bəhs edilib. Bildirilib ki, müstəqillik illərində həyata keçirilən irimiqyaslı enerji layihələrinin hər birində Natiq Əliyevin mühüm rolu olub. 1994-cü ildə transmilli şirkətlərlə imzalanmış “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində Natiq Əliyevin xidmətləri yüksək qiymətləndirilib. Onun “Cənub Qaz Dəhlizi” üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə töhfələri qeyd edilib.

Tədqiqatçı-alim və beynəlxalq enerji siyasəti sahəsində mütəxəssis kimi fəaliyyətinə dair fikirlər söylənilib. Bildirilib ki, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

319 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ