“Mütləq alternativ enerji mənbələri yaratmalıyıq” – İlham Əliyev

“Mütləq alternativ enerji mənbələri yaratmalıyıq” – İlham Əliyev

“Cənub Qaz Dəhlizi uğurla icra edilir. “Şahdəniz-2” layihəsinin icrası 99 faizdir. Cənubi Qafqaz Kəməri 96 faiz, TANAP 92 faiz. Yəni, bu layihələrdə Azərbaycan aparıcı rol oynayır”.

OilGas.az xəbər verir ki, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Biz, eyni zamanda, TAP layihəsinin səhmdarıyıq. Orada isə Azərbaycanın icra səviyyəsi 68 faizdir. Yəni, Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir”,-Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı bildirib ki, bu il infrastruktur layihələri ilə bağlı planlar çox böyükdür. “İlin sonuna qədər ölkəmizdə qazlaşdırma 95 faizə çatmalıdır. “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmalıdır. Bu, bizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Biz indi elektrik enerjisini qonşu ölkələrə ixrac edirik. Bizdə çox gözəl ixrac potensialı yaradılıb. Ölkə daxilində bütün tələbat tam təmin edilir. Ancaq baxmalıyıq ki, bundan sonra bizə ümumiyyətlə nə qədər generasiya gücləri lazımdır. Ölkəmizin inkişafını, əhalinin artımını, sənayeləşmə prosesini nəzərə almalıyıq. Yəni, böyük inkişafı nəzərə alaraq baxmalıyıq ki, beş ildən, on ildən sonra bizə daxili istehlak üçün nə qədər elektrik enerjisi lazım olacaq. Bununla paralel olaraq, biz xarici bazarları təhlil etməliyik ki, beş ildən, on ildən sonra xarici bazarlara nə qədər enerji ixrac edəcəyik. Buna görə də addımlarımızı atmalıyıq ki, yeni stansiyalar tikilməlidir, yoxsa biz mövcud olan stansiyalarla kifayətlənməliyik? Biz mütləq alternativ enerji mənbələri yaratmalıyıq – külək, günəş, su elektrik stansiyaları tikməliyik. Yəni, bu sahədə çox ciddi təhlil aparılmalıdır və mənə təqdim edilməlidir”,-dövlət başçısı vurğulayıb.

459 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ