“Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu oynayır”

“Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu oynayır”

“Bugünkü “Xəzər neft, qaz, neftayırma və neft kimyası” konfransı iştirak edən dünya enerji nəhənglərinin təmsilçilərinin bir çoxu neft-qaz sənayesində aparıcı rola malik olmaqla, bu sahənin sütunları sayılır və ötən müddətdə həm Azərbaycanın, həm də regionun inkişafında mühüm rol oynayıblar”.

OilGas.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev tərəfindən 25 il əvvəl hazırlanmış enerji strategiyası Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradıb və regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. “Azərbaycan enerji təhlükəsizliyini uzun müddət üçün təmin etməklə yanaşı regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rola, etibarlı və stabil investisiya mühitinə sahib olub. “Əsrin müqaviləsi” və transmilli şirkətlərlə birgə səmərəli əməkdaşlığımız, Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənməsi üçün ölkəmizə zəruri maliyyə vəsaitləri və texnologiyalar cəlb etdi. Həmin resursların səmərəli idarə olunması sayəsində böyük uğurlar qazandıq. Bir tərəfdən əldə edilən maliyyə vəsaitləri sərmayə olaraq dəyər zəncirimizin müxtəlif həlqələrinə yatırıldı, o biri tərəfdən dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımızı beynəlxalq müstəviyə gətirməyə müvəffəq olduq. Xarici tərəfdaşlarımız da bu güvənli əməkdaşlıqdan məmnun qalıblar. Qarşılıqlı faydalı tərəfdaşlığımız nəticəsində 2017-ci ilin sentyabrında hələ “Əsrin müqaviləsi” yekunlaşmadan, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin 2050-ci ilə qədər birgə işlənməsinə dair yeni sazişin imzalanması məhz bu məmnunluğun ifadəsidir. Tərəfdaş şirkətlərin ölkəmizə kapital qoyuluşunu daha da artıracağına təminat verən bu yeni saziş eyni zamanda onların Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür.

Prezident İlham Əliyevin müvafiq təlimatlarına uyğun olaraq SOCAR son 15 ildə möhtərəm qlobal transmilli şirkətə çevrilməkdədir. Həyata keçirilən nəhəng transmilli layihələr, o cümlədən beynəlxalq emal və kimya layihələri, qlobal neft və qaz ticarətinin genişlənməsi SOCAR-ın bu yolda inamla irəlilədiyini göstərir: “Ölkə iqtisadiyyatında aparılmış dərin islahatlar çərçivəsində Azərbaycanın uğurlu enerji strategiyası zamanın aktual tələblərinə uyğun təkmilləşdirilib. Maliyyə imkanları və beynəlxalq rəqabət qabiliyyəti yüksəlmiş Azərbaycan sərmayə cəlb edən ölkə olmaqla yanaşı, həm də xarici bazarlarda iri tutumlu investisiya proqramları həyata keçirən ölkəyə çevrilib. Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu öz üzərinə götürməklə, ölkə daxilində nəhəng ixracyönümlü enerji layihələri həyata keçirib, eyni zamanda xarici bazarlar kəşf edərək, qətiyyətli bir investor kimi perspektivli bazarlara daxil olmağı bacarıb. Şirkətin bu yeni biznes inkişafı strategiyası Prezident İlham Əliyevin bizə göstərdiyi istiqamətləri və gələcəyə baxışını əks etdirir”.

440 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ