“Muradxanlı” yatağında bir quyuda hasilat bərpa edilib

“Muradxanlı” yatağında bir quyuda hasilat bərpa edilib

Azərbaycanın quruda yerləşən “Muradxanlı” neft yatağında M-66 saylı quyuda hasilat bərpa edilib.

Bu barədə “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun operatoru olan Kanadanın “Zenith Energy Ltd.” şirkəti məlumat yayıb.

M-66 saylı quyu 1978-cı ildə qazılıb. İlkin olaraq gündəlik 14 barel neft hasilatı hesablanıb. Daha sonra gündəlik hasilat 284 barelə qədər artıb. 1999-cu ildə isə bu quyu bağlanıb.

Bu il isə M-66 quyusu azotdan istifadə olunmaqla koltyubinq qurğusu ilə 3 011 metr dərinliyə qədər təmizlənib.

Bu prosedurla hasilat bərpa edilib və gündəlik 15 barel hasilata nail olunub. Quyuya müdaxilə zamanı yığılıb qalmış 150 barel neft də bərpa edilib.

Bu əməliyyat “Zenith” şirkətinin 642,4 kv. km müqavilə ərazisindəki hasilat olmayan və aşağı göstəricili quyuların iqtisadi baxımdan hasilatının maksimallaşdırılması istqamətində geniş, sistemli proqramının bir hissəsidir.

Bundan sonra “Zərdab” yatağında əsaslı təmir işləri aparılacaq. Qumla dolmamışdan öncə bu yataqda bir neçə quyudan qısa müddət ərzində gündəlik 500 bareldən artıq neft hasil olunub.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən ötən il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Şirkət ilin əvvəlindən əsaslı təmir işlərinə başlayıb. (Report)

OilGas.az

241 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ