BP-yə baha başa gələn faciə – 65 milyardlıq ziyan

BP-yə baha başa gələn faciə – 65 milyardlıq ziyan

BP Meksika körfəzində 8 il öncə baş verən faciəyə görə hələ də milyardlar ödəyir.

OilGas.az xəbər verir ki, İngiltərənin nəhəng şirkəti körfəz sahillərində yaşanan neft sızmasına görə daha 1,7 milyard dollar ödəməli olacaq.

Şirkətdən verilən açıqlamaya görə, bu barədə ABŞ məhkəməsində qərar qəbul edilib.

Açıqlamanın ardınca şirkətin Nyu-York birjasında dövriyyədə olan hissələri 43,53 dollara qədər geriləyib.

Beləliklə, Meksika Körfəzində baş verən neft sızmasının BP-yə vurduğu zərərin ümumi məbləği təxminən 65 milyard dollara yüksəlib.

Qeyd edək ki, 2016-cı ilin aprelində BP bölgədəki 5 əyalətin yerli hakimiyyət orqanlarına 20 milyard dollar ödəməyə razılaşıb.

BP-nin Meksika Körfəzi sahillərinin təmizlənməsi, yerli müəssisə sahiblərinin zərərlərinin ödənilməsi və federal hökumətə ödəyəcəyi cərimələrin ümumi həcmi isə təxminən 25 milyard dollar təşkil edir.

Xatırladaq ki, 2010-cu ilin aprel ayında Meksika körfəzindəki “Deepwater Horizon” adlı neft platformasında partlayış baş verib, nəticədə 11 nəfər həyatını itirib. ABŞ tarixində ən böyük neft sızması və ətraf mühit faciəsi hesab edilən partlayış zamanı 4,2 milyon barel neft okean sularına qərq olub. Neft quyusu partlayışdan yalnız 87 gün sonra tamamilə bağlanıb.

OilGas.az

364 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ