Məhkəməyə verilən sahibkar özünü tavandan asdı – Manaf Süleymanovun “gördükləri”

Məhkəməyə verilən sahibkar özünü tavandan asdı – Manaf Süleymanovun “gördükləri”

“Suraxanıda, Ramanada, Bibiheybətdəki güclü fontanların gurultusundan ətraf kəndlərdə yatmaq olmurdu; qaz aləmi bürüyürdü. Fontan bəzən üç-dörd həftə davam eləyirdi”.

OilGas.az xəbər verir ki, bu sözlər yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında əks olunub. Süleymanov qeyd edib ki, Balaxanıda sahibkar Mirzəyevin qonşuluqda aldığı mədənində qazdığı dayaz bir quyu elə fontan vurmuşdu ki, üç gün ərzində yer-yurd neft kölünə dönmüşdü:

“Fontan vuranda qaz ağır alətləri, hər biri yüz, yüz əlli kiloqram ağırlığında daşları kənara tullayırdı. Ramanada, Sabunçuda dərələrdən neft çay kimi axır, qurşaqdan yuxarı qalxır, adamlar bu taydan o taya keçə bilmirdi. Göydən neft yağırdı. Anbarları çox da böyük olmayanda aşıb-daşır, çənlər tez dolur, neft başlayırdı axmağa. Fəhlələr torpaqdan nə qədər sədlər düzəldir, daşdan və palçıqdan bəndlər çəkirdilərsə yenə öhdəsindən gələ bilmirdilər. Belə vaxtlarda fontanları bağlamaq, neft selinin qabağını kəsmək bəzən üçdörd həftə çəkirdi.

Bu cür vəhşicəsinə istismardan geoloqlar çox narahat olurdular, çünki neft təbəqəsi hədər yerə gücünü, sərvətini itirib, zay olur, çıxan neftin çoxu torpağa hopur, dörddə üçü təbəqədə qalıb «ölürdü».
Kim idi geoloqlara qulaq asan, sözlərinə fikir verən.

Sahibkarlar isə sevinir, onlarca faytonda, qazalaqda, şəhərdən, qonşu kəndlərdən adamlar tamaşaya gəlir, təzə milyonçunu müjdələyir, pul təklif edirdilər. Halbuki, həmin şəxsə bir gün əvvəl etibar edib bir manat da vermirdilər. Suraxanıda, Ramanada, Bibiheybətdəki güclü fontanların gurultusundan ətraf kəndlərdə yatmaq olmurdu; qaz aləmi bürüyürdü. Fontan bəzən üç-dörd həftə davam eləyirdi. Belə vaxtlarda qonşu mədənlərdə neft verən bütün quyuları, ocaqxanaları bağlayırdılar, qazmanı saxlayır, emalatxanalarda işi dayandırırdılar ki, yanğın düşməsin. Sonra da fontan sahibindən ya xoşluqla, çox vaxt isə məhkəmə gücünə itki pulu, ziyan xərci alırdılar.

Milyardlarla kubmetr qaz havaya uçub zay olurdu. Məşhur rus kimyagəri D. İ. Mendeleyev 1885-ci ildə Bakıda olanda havaya sovrulan qazı gələcəyin yanacağı adlandırır.

Keçmiş fontanlardan söhbət düşəndə qocaman mühəndis Şulqin Serkey Vasilyeviç qəlyanını tüstülədib, nəql edirdi ki, “yatmışdım, böyrümə vurulan bərk dürtmədən ayıldım, kim isə qulağımın lap dibində qışqırdı: “Dur, quyu fontan vurur…” Tələsik geyindim. Bayırdan şiddətli uğultu eşidilirdi. Binanın divarları titrəyir, dam cırıldayırdı. Bayırda yer-yerdən: “Fontan vuran quyu kimindir?” soruşurdular, lakin cavab verən yox idi. Otaqdan çıxdım.

Səhər idi. Göy üzü ayazdı, üfüq qızarırdı. Kazarmalardan çıxanlar dayanır, elə bil yerə mıxlanırdılar.
Neft sütunu göylərə baş qaldırırdı. Vışkanın yarısı yox idi, neft seli qabağına çıxan tir, dirək, taxta, maşın, truba, dəmir parçalarını süpürləyib aparırdı. Quyudan tullanan daş parçaları uzaqlara səpələnirdi. Heç nə eşitmək olmurdu. Dəhşətli uğultu yəqin ki, ətraf kəndlərin sakinlərini də oyatmışdı. Göydən neft yağırdı, adamların üst-başı neftdən islanır, üz-gözləri qapqara qaralırdı. Xəzri güclənirdi. Neft sütunu gah azalır, gah da hündürlərə qalxırdı. Sütun azalanda adamlar qabağa keçməyə can atırdılar və istəyirdilər ki, əvvəldən hazırlanmış çuqun təbəqəsini quyunun ağzına qoysunlar, halbuki, belə çuqun lövhələrlə xırda əl quyularının ağzını bağlayırdılar. Haraya əl vurulurdu, yapışqan təki yapışırdı. Neft adamların topuğuna qalxırdı.

Neftxuda hələ uzaqdan neft sütununun hündürlüyünü görəndə dəhşətə gəlmişdi. Neft seli baş götürüb ətrafa axırdı. Yaxınlıqda yaşayan adamların çoxusu bayırda idilər.

Fontan anbaan güclənir, neft seli zirzəmiləri, daxmaları, evlərin birinci mərtəbələrini basırdı, ətraf neft gölünə dönür, adamların apara bilmədikləri palaz, həsir, cır-cındır, yorğan-döşək neft gölündə üzürdü. Kişilər şalvarlarını çırmalayıb, dallarında şələ, ayaqyalın neft içində qaçırdılar.

Əhlikeflər əhvalatı kazinoda eşidib fayton və qazalaqlarda Fontana tamaşa eləməyə gəlirdilər.

Qara dam və daxmaların çoxunu neft seli basıb zay etmişdi.

Quyu birinci həftədə gündə 20 min tondan çox neft püskürmüşdü.

Ziyan çəkmiş yüzlərlə adam məhkəməyə müraciət edib neftxudadan zərər pulu iddia edirdilər. Əgər məhkəmə onların tələb etdikləri məbləğin onda birini ödəməyi qərara alıb, hökm çıxarsaydı, sahibkar müflis olardı. Neftxudanın tutduğu üç vəkil yuxularına haram qatıb əldən-ayaqdan düşmüşdülər, iddiaçılardan əşyayi-dəlil və rəsmi sənəd tələb edirdilər.

İş axırda gedib mahal məhkəməsinə çıxdı, məsələ daha da qarışıq düşdü. Camaata dəyən zərər o qədər böyük idi ki, heç kəs var-yoxu əlindən çıxıb quru yurdda qalmış, dilənçi gününə düşmüş fəqir-füqəranın haqqını tapdalamağa sürət edə bilmirdi; lakin divan-dərə xəsarət məbləğini azaltmağa cəhd edirdi, zərərdidələr də öz növbəsində iddianın məbləğini artırırdılar.

Neftxuda mühasirəyə düşmüş ayı kimi vurnuxurdu, sudan quru çıxmağa cəhd edirdi… Mədən çox zəngin idi, amma kimə əl açırdı, heç kəs borc vermirdi…

Bir səhər süpürgəçi kontora gələndə sahibkarın özünü tavandan asdığını gördü.

Bu fontan nəticəsində neftin qiyməti birə dörd azalmışdısa, pudu 50 qəpikdən 12 qəpiyə düşmüşdüsə də, müştəri tapılmırdı. Xırda mədənçilərin ,çoxu müflis olmuşdu. Nəhəng firmalar qəsdən nöyüt çıxarmır, xırda sahibkarların mədənlərinə yiyələnmək istəyirlər.

Fontan sahibi özünü asandan sonra zərər çəkmiş camaat başını itirmişdi, ölünü, cənazəni mühakimə etmək mümkün deyildi…

Nobel qardaşları zərər çəkənlərdən, özü də həqiqi zərərin, onda bir hissəsini ödəmək şərtilə mədəni almağa razı oldular”.

741 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ