Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olundu

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olundu

Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsinə dair müzakirələr aparılıb.

Nazirlikdən OilGas.az-a verilən məlumata görə, qurumun əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili ilə bağlı energetika naziri Pərviz Şahbazovun 10 noyabr 2017-ci il tarixli əmri ilə yaradılmış işçi qrupun bu günlərdə üç iclası keçirilib.

İşçi qrupunun tərkibi Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, “Azərsu” açıq səhmdar cəmiyyətlərinin, SOCAR, Əmlak Məsələləri Dövlət Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) və Tarif Şurasının katibliyinin nümayəndələrindən formalaşdırılıb.

İclaslarda da adıçəkilən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin 1 illik hesabatının hazırlanması əlaqələndirici qurum kimi Energetika Nazirliyinə həvalə olunub. Bu məqsədlə “Azərenerji”, “Azərişıq” və “Azərsu” açıq səhmdar cəmiyyətlərinə müvafiq göstərişlər verilib. Bu qurumların əsas və digər icraçı qismində iştirak etdikləri bütün tədbirlər üzrə görülmüş işlərə dair yekun məlumatları cari ilin 1 dekabrına qədər Energetika Nazirliyinə təqdim etmələri razılaşdırılıb.

OilGas.az

281 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ