“Kişi peşəsi” stereotipini qıranlar – Bu gün qadınların günüdür

“Kişi peşəsi” stereotipini qıranlar – Bu gün qadınların günüdür

Bu gün 8 mart Beynəlxalq Qadınlar günüdür. Çiynində hər yükü daşıyan, bütün zərifliyilə istənilən ağır vəziyyətdə, sərt şəraitdə ayaqlarını yerə bərk basan qadınların günü.

Deyirlər qadın ya müəllim olar, ya da həkim. Bəs mühəndis, geolog, jurnalist, hüquqşünas və digər peşələri uğurla icra edən qadınlarımız necə, yoxdurmu? Əlbəttə var. Azərbaycan qadınları və onların avanqard qüvvəsi olan neftçi qadınlarımız, həmişə olduğu kimi, yenə də fədakar əməkləri ilə doğma Vətənimizin iqtisadi yüksəlişinə böyük töhfələr verirlər. Həm də onlar gördüyü işlərlə, əldə etdiyi uğurlarla milyonlara örnək olurlar.

Bu gün Azərbaycan neft sənayesinin müxtəlif sahələrində tam 10 minə yaxın neftçi qadın çalışır.

Onlar kəşfiyyat, hasilat, emal sənayesində kişilərlə çiyin-çiyinə işləyir, zəhmətilə onlardan heç də geri qalmırlar. Bilirsiniz onların peşəsi necə çətindir?

Bu qadınlar günlərlə Neft Daşlarında olur, gecə-gündüz növbəsi demədən çalışır, istənilən hava şəraitində dözümlülük nümayiş etdirirlər.

İşlərini sadəcə onlardan tələb olunan ölçüdə yerinə yetirməklə kifayətlənməyən qadınlarımız Azərbaycan neft sənayesinin inkişafına böyük töhfələr də verirlər. Bu mənada Tahirə Tahirova, “Neft komandiri” Firuzə Kərimova kimi neftçi qadınlarımızın adını qürurla xatırlaya bilərik.

Zərif olsa da zəif olmadığını sübut edən, fəaliyyətilə “kişi peşəsi” stereotipini qıran neftçi qadınlarımızı biz də təbrik edir, gələcək fəaliyyətlərində də uğurlar arzulayırıq.

Aydan Axundova
OilGas.az

163 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ