Kəmaləddin Heydərov Etibar Pirverdiyevi günahlandırdı: “Xəbərdarlıq etmişdik”

Kəmaləddin Heydərov Etibar Pirverdiyevi günahlandırdı: “Xəbərdarlıq etmişdik”

Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sistemini çökdürən və dalbadal baş verən iki qəza ilə əlaqədar müşavirə keçirib.

OilGas.az xəbər verir ki, müşavirədə tənqid hədəfi “Azərnerji”nin prezidenti Etibar Pirverdiyev olub.

Belə ki, müşavir zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov da məruzəsində “Azərenerji”nin məsuliyyətsizliyindən söz açıb:

Nazir bildirib ki, o hadisə yerinə çatanda İES-in yağ açarından yağ dağlmışdı və yüksək gərginlik kabellərinin keçdiyi kanallara axaraq yanğına səbəb olmuşdu.

“Biz illərdir “Azərenerji”yə məktublar göndərərək bildirmişdik ki, həmin kanalların üstü açıq olmamalıdır, etibarlı mühafizə edilməlidir. Ona görə ki, hansısa səbəbdən o yağlar tökülsə kanallara, kabellərin üstünə axmasın. Amma təəsüf ki, təxminən 63 yağ açarının hamısının qarşısı açıq idi, yanğın baş verən yerdə də eyni vəziyyət vardı”-fövqəladə hallar naziri prezidentə məruzəsində bildirib.

K.Heydərov əlavə edib ki, FHN-nin indiyə qədər Mingəçevirdəki “Azərbaycan İES”dəki problemlərlə bağlı “Azərenerji” ASC-yə göndərdiyi məktublarda sadalanan problemlərin heç biri aradan qaldırılmayıb. “Ərazidəki quru otlar biçilməmişdi, soyutma qurğularından demək olar heç biri işləmirdi. Soyutma kanallarındakı su Mingəçevir dəryaçasının dibindən 12 dərəcə temperaturda götürülməli olduğu halda həmin gün soyutma kanallarındakı suyun temperaturu 28 dərəcədən yuxarı olub”- Heydərov bildirib.

Nazir deyib ki, stansiyanın nəinki yarımstansiyasında, eləcə də hansısa blokunda qəza baş verəndə bu stansiyanın tamamilə sıradan çıxmasına gətirib çıxarmamalıydı. K.Heydərovun sözlərinə görə ikinci qəza da yenidən stansiyanın 7-ci blokunda baş verib. Və energetika sisteminə cavabdeh olanların heç biri bu baş verənlərə tutarlı izahat verə bilməyib. O, stansiyada yol verilmiş pozuntularla bağlı FHN-nin indiyə qədər topladığı sənədləri Baş prokurorluğa və DİN-ə təqdim etdiyini deyib. K.Heydərovun bildirdiyinə görə onun apardığı müşahidələr “Azərbaycan” İES-in mənəvi və fiziki köhnəldiyini göstərir. Ona görə də beynəlxalq audit təşkil olunmalı, bu stansiyanın yenidən qurulması məsələsinə baxılmalı, ümumiyyətlə ölkənin energetika sistemi hansısa qəza halında bütün sistemin çökməməsi üçün beynəlxalq mütəxəssislər cəlb edilməklə yenidən qurulmalıdır.

56 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ