Kanada şirkəti yeni qazma yerləri müəyyənləşdirdi

Kanada şirkəti yeni qazma yerləri müəyyənləşdirdi

Azərbaycanın quru yatağında hasilat aparan Kanadanın “Zenith Energy” şirkəti yenilənmiş qazma proqramı və quyu perforasiya fəaliyyətini təqdim edib.

Oilgas.az bu barədə şirkətə istinadən xəbər verir.

Bildirilib ki, şirkət C-30 (“Cəfərli” yatağı-Rep.) quyusunda planlaşdırılan qazma əməliyyatı üçün bir neçə ərazidə qiymətləndirmə aparıb.

Qeyd edilib ki, 1200 at gücündə qazma qurğusunun oktyabrın sonuna kimi yerləşdirilməsi gözlənilir.

Şirkət gələcəkdə planlaşdırılan qazma proqramının bir hissəsi olaraq “Muradxanlı” neft yatağının cənub-qərbində yerləşən 247 saylı quyunu yüksək perspektivli geoloji hədəf olaraq müəyyənləşdirib. Bu quyuda hazırda hasilat aparılmır, sonuncu hasilat 1990-cı ildə olub və həmin vaxt gündəlik hasilatı həcmi təxminən 200 barel təşkil edib.

Quyu Sarısu gölünün yaxınlığında yerləşir və ərazinin qış mövsümündə tam əlçatan olması üçün bir sıra inşaat işləri tələb olunur.

Qeyd edilib ki, şirkətin geloji komandası perforasiya işləri ilə bağlı “Muradxanlı” yatağında bir neçə yer də müəyyənləşdirib. “Zenith” növbəti 10 gün ərzində ilk perforasiya fəaliyyətinə başlamağı planlaşdırır.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

28 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ