İştirakçılar Neft və Qaz Sərgisini qiymətləndirirlər – SORĞU + FOTOLAR

İştirakçılar Neft və Qaz Sərgisini qiymətləndirirlər – SORĞU + FOTOLAR

Mayın 31-də Bakıda XXIV Beynəlxalq Neft və Qaz Sərgisi işə başlayıb. İyunun 3-dək davam edəcək sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir.

OilGas.az sərgiyə maraq və gözləntiləri öyrənmək üçün sərgi iştirakçıları arasında sorğu keçirib:

“Caspian Pipe Coatings şirkəti”nin IT üzrə meneceri və inzibati işlər üzrə koordinatoru Adil Qurbanov bildirib ki, son illər ənənəvi olaraq sərgidə iştirak edirlər: “Əsas gözləntilərimiz yeni layihələr, yeni kontraktlar, yeni işgüzar görüşlər, yeni texnologiyalar barəsində müzakirələrdir. “Caspian Pipe Coatings” boruların izolyasiyası və beton örtüklə üzlənməsini həyata keçirir

Müəssisəmiz 2002-ci ildən Bakıda fəaliyyət göstərir. Bu 15 il ərzində bir çox regional və yerli əhəmiyyətli layihələrdə iştirak edib: “Örtüklənmiş boruların ümumi uzunluğu 2500 km-dən çoxdur. Son icra etdiyimiz layihələr Cənubi Qafqaz boru kəmərinin genişlənməsi, Şahdəniz 2 layihələridir. Əsas sifarişçilərimiz isə BP və SOCAR-dır.

Bu sərgi zamanı vaxtımızı faydalı keçirməyə çalışırıq. Yeni işgüzar görüşlər həyata keçirmək, kifayət qədər tanınmağımıza baxmayaraq, müəssisəmiz haqqında məlumat vermək bizim üçün əhəmiyyətlidir.

Diqqət etmişəm ki, sərgidə yeni eksponentlər var. Sərgidə Özbəkistandan, Belarusdan müəssisələr də iştirak edirlər. Onlarla da işgüzar əlaqələrin yaradılması  əsas məqsədlərimizdəndir.

Keçən il də sərgidə iştirak etmişdik. Buradakı tanışlıq nəticəsində reallaşan bir layihəmiz olmasa da, faydalı fikir mübadiləsi, təcrübə mübadiləsi oldu. Başqa ölkələrdən keyfiyyətə nəzarət, boruların örtüklənməsi sahəsində mütəxəssislərimizin xidmətlərindən yararlanmaq istəyən müəssilər bizə təkliflə müraciət etdilər”.

“Technoil” şirkətinin satış direktoru Fuad Niftəliyev də qeyd edib ki, sərgiylə bağlı gözləntilər yüksəkdir: “Bu il ötən ilkinə nisbətən sərgiyə daha böyük maraq var. Sərgidə iştirak edən müəssisələrin sayında artım müşahidə olunur. Bu da Azərbaycanda yerli istehsalçıların, həm idxal, həm də ixrac məhsullarının sayını artmasıyla əlaqədardır. Odur ki, sərgidə daha çox aktivlik müşahidə olunur”.

 

AMEA Yüksək Texnologiyalar Parkı biznes inkubasiya şöbəsinin müdür müavini Vüsal Süleymanlı isə deyir ki, təmsil etdiyini müəssisə 2016-cı il noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Şirkət yeni olduğu üçün ötən ilki sərgidə iştirak etməyib: “Dünüşürəm ki belə bir sərgidə iştirak təcrübəsi bizə çoz şey öyrədəcək. Bundan sonrakı sərgilərdə də iştirak etməyi planlaşdırırıq.

Yüksək Texnologiyalar Parkı olaraq başlıca prioritetlərimiz neft-kimya , daha sonra İKT məhsullarıdır. Odur ki buradakı şirkətlərin hamısı bizim üçün maraqlıdır. Şirkətlərlə əməkdaşlıqların qurulması, kontraktların bağlanması başlıca məqsədimizdir”.

Aydan Axundova

OilGas.az

324 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ