Neft ölkəsinin əsl üzü: Aclıqdan huşunu itirən neftçilər, qaçqınlar…

Neft ölkəsinin əsl üzü: Aclıqdan huşunu itirən neftçilər, qaçqınlar…

Dünyanın ən böyük neft ehtiyatlarına malik Venesuelada neft sektoru dərin iqtisadi böhran və qarşısıalınmaz hiperinflyasiyanın fonunda məhv olur.

OilGas.az xəbər verir ki, vəziyyət o qədər kritikdir ki, hətta sabit valyutanın başlıca tədarükçüləri olan neftçilər belə aclıq ucbatından ağır fiziki işləri görə bilmədiklərini deyirlər.

Hiperinflyasiya neftçilərin maaşını elə “udur” ki, onlar hətta ən əsas qida məhsullarını belə ala bilmirlər. Minlərlə insan dövlət neft şirkəti PDVSA-dən istefa verib. Nəticədə az sayda qalan işçilər artıq hasilatı hazırki səviyyədə saxlamaq və neft sektorunun normal fəaliyyətini təmin etmək iqtidarında deyillər.

Ötən il ərzində neft hasilatı hər ay gündəlik onlarla min barel azalıb. Analitiklər hesab edirlər ki, bu il də azalma davam edəcək. Bununla belə, ağır iqtisadi böhranın sonu görünmür.

PDVSA-da neftçilər tez-tez iş yerində aclıqlan huşunu itirirlər. İşdən sonra isə ailələrinə yemək axtarmaq üçün zibilxanaya gedirlər.

10 il əvvəl bu Latın Amerika ölkəsində PDVSA şirkətində işləmək arzu idi: hər bir əməkdaş stabil maaş, zəmanətli təqaüd və gündə 3 dəfə olmaqla ödənişsiz yeməklə təmin olunurdu.

Lakin ölkə rəhbərliyinin laqeyd idarəçiliyi, 2014-cü ildə neft qiymətlərinin kəskin ucuzlaşması və investisiyaların mövcud olmaması neft sənayesini və dövlət neft şirkətini böhrana apardı.

Ötən ilin dekabrında PDVSA-nın yeməkxanaları işçiləri yeməklə təmin etməyi dayandırdılar. Nəticədə bir sıra obyektlərdə kütləvi etirazlar baş qaldırmağa başladı. “Biz neft sənayesində aclıqdan ölürük”, -deyə Bloomberg PDVSA işçilərindən birinin sözlərini çatdırıb.

Bir müddət öncə üç yerli universitet tərəfindən keçirilən sorğuya əsasən, 10 venesuelalıdan 9-unun gündəlik qidalanma üçün kifayət qədər pulu yoxdur, 10 nəfərdən 6-sı isə tam qidalana bilmədiyi üçün ötən il ərzində orta hesabla 11 kq çəki itirib.

Hiperinflyasiya fonunda artıq bir çox venesuelalılar yemək üçün işləməyə hazırdılar. Bir çoxları isə qonşu Braziliya, Kolumbiyaya immiqrasiya etməyə çalışırlar.

“Növbəti qaçqın böhranı qanlı müharibədən yox, bu zamana qədər görünməmiş masştabda sosial-iqtisadi böhrandan qaynaqlanacaq”, -deyə “Brookings Institution”ın eksperti Dani Bahar qeyd edib. Onun qiymətləndirməsinə əsasən, Venesuelada qaçqın böhranı ölçüsünə görə Suriyadakı böhranı da ötə bilər.

Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro neft sektorundakı nəzarəti daha da gücləndirib. Hətta Milli Qvardiyanın general-mayoru PDVSA-ya yeni rəhbər və neft naziri təyin olunub. İddialara əsasən, dövlət neft şirkətində etiraz edənlər, “korrupsiya ilə mübarizə” adı altında işdən çıxarılıblar. Nəticədə şirkət təcrübəsiz əməkdaşların nəzarətində qalıb.

Maduronun neft ehtiyatlarına əsaslanan “El Petro” kriptovalyutasını dövriyyəyə buraxması isə bir çoxlarına görə ABŞ sanksiyalarından yan ötmək üçün atılan addımdan başqa bir şey deyil.

346 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ