İlham Əliyev: “Tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq”

İlham Əliyev: “Tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq”

“Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir, ona görə də neft kəmərləri tikilməli idi: “1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni bu onu göstərir ki, nə qədər qısa müddət ərzində biz bu böyük işləri görmüşük və bu böyük işlər həm böyük maliyyə vəsaiti tələb edir, həm də texniki cəhətdən çox çətin layihələrdir. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük pulumuz da yox idi. Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ ondan sonra istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər tələb edirdi, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq. Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. 2006-cı ildə bu kəmər istifadəyə verildi və bu gün Azərbaycan xalqına xidmət edir, bütün dost ölkələrə xidmət edir”.

İlham Əliyev qeyd edib ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, digər ölkələrin nefti də nəql edilir: “Xəzərdə digər ölkələr tərəfindən çıxarılan neft, Xəzərin şərq sahillərində çıxarılan neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır və Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir və bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır. O günü də mən çox yaxşı xatırlayıram, Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün bura gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və mən bir daha demək istəyirəm ki, doğrudan da bütün bunlar tarixi nailiyyətlərdir. Və “Şahdəniz” yatağının gələcək işlənməsi ilə bağlı addımlar atılmağa başlandı. Təbii ki, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır və beləliklə, “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı əməli praktiki işlərə start verildi. Çox ciddi işlər aparıldı, danışıqlar aparıldı. Nəhayət, 2012-ci ildə Azərbaycanla Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı və beləliklə, “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü təkan verildi”.

Dövlət başçısı onu da vurğulayıb ki, TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin önəmli hissəsidir: “Gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. 2014-cü il sentyabrın 20-də – bu da çox rəmzi məna daşıyır, çünki “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır – “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Yəni 20 ildən sonra. Bu gün isə biz bu layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. “Cənub Qaz Dəhlizi” nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur”.

523 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ