İlham Əliyev: “Azərbaycan neftin vətənidir”

İlham Əliyev: “Azərbaycan neftin vətənidir”

“Keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda – Xəzər dənizində çıxarılmışdır”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılmışdır: “Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılmışdır. Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaqdır.

Eyni zamanda, keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda – Xəzər dənizində çıxarılmışdır. Bu sahədə də – dənizdə neft hasilatının vətəni də demək olar ki, Azərbaycandır, Xəzər dənizidir.

Neft sənayesi Azərbaycanda sovet dövründə də inkişaf edibdir. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin töhfəsi əvəzolunmazdır. Yanacağın 70-80 faizi Azərbaycan neftçiləri tərəfindən təmin edilmişdir və əgər belə olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi.

1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət almışdır. Bir çox önəmli layihələr icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Ancaq əfsuslar olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində neft sənayesi Azərbaycanda tənəzzülə uğradı. Neft və qaz hasilatı kəskin aşağı düşmüşdür. Azərbaycan dinamik inkişaf templərini demək olar ki, itirmişdi. Eyni zamanda, vaxtilə heç bir ekoloji standartlara uyğun olmayan hasilat nəticəsində Bakının və Abşeron yarımadasının böyük əraziləri neftlə çirklənmişdir. Hazırda biz o çirklənmiş yerləri təmizləyirik, orada çox böyük ekoloji layihələr icra edilir və o cümlədən məşhur Bibiheybət ərazisi bu gün ekoloji məkana, yaşıl məkana çevrilibdir.

Bax, belə bir vəziyyətdə müstəqilliyə yaxınlaşan Azərbaycan əlbəttə ki, dünya üçün öz cəlbediciliyini itirmişdi. Əgər biz müstəqilliyin ilk illərində yaşanan böhranı da əlavə etsək, – hərc-mərclik, xaos, anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi, erməni işğalı, – bütün bu amillər əlbəttə ki, Azərbaycanı xarici investorlar üçün çox riskli, təhlükəli bir ölkəyə çevirmişdi. Belə olan halda bizim yeganə inkişaf yolumuz xarici investisiyaları cəlb etməkdən ibarət idi. Xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə bir daha öz müdrikliyini göstərərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi, prezident vəzifəsinə seçdi və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.

1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atılmışdır və bir neçə il ərzində sabitlik tam bərpa olunmuşdur, Azərbaycan dünyada öz layiqli yerini tutmağa başlamışdır. Ancaq o vaxt iqtisadiyyat demək olar ki, dağılmışdı. İnflyasiya 1000 faizdən çox idi. Sənaye istehsalı demək olar ki, dağılmışdı və iqtisadi cəhətdən inkişaf üçün böyük perspektivlər yox idi. Aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bax, bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici siyasətimiz var, müstəqil daxili siyasətimiz var. Bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi, pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Odur ki, Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün önündə canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişildi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi”.

OilGas.az

470 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ