Heydər Əliyev adına NEZ ilə “Tecnicas Reunidas” arasında müqavilə imzalanıb

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan modernizasiya işləri daha keyfiyyətli yanacaq məhsullarının istehsalını nəzərdə tutur.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, NEZ-in modernizasiyası 2021-ci ilədək davam edəcək.

Bununla əlaqədar, layihəyə cəlb olunmuş Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) SOCAR-KBR şirkəti tərəfindən mövcud qurğuların və ümumi zavod təsərrüfatının rekonstruksiyası işləri üzrə aparılmış Seçim Proseduruna əsasən “Tecnicas Reunidas” (TR) şirkəti qalib olaraq seçilib. Bu gün Heydər Əliyev adına NEZ və “Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə Heyətinin sədrinin müavini, baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə Baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru E. İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə baş direktoru E. Massana imzalayıblar.

NEZ-da İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti – Layihələndirmə, Satınalma, Tikinti (EPCEPCm) mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin İdarəedilməsi üzrə Podratçı SOCAR-KBR şirkəti tərəfindən müvafiq Seçim Proseduru keçirilib. 10 beynəlxalq şirkətin iştirak etdiyi Seçim Prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlib. Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:

TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini, həmçinin yeni qurğuların inşası və mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası əhatə edir.

Tədbirdə çıxış edən R. Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik edib: “Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-da yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca “Avro-5” standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, Tecnicas Reunidas şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcək”.

İmzalanma mərasimində çıxış edən J. Arburua deyib ki, “Tecnicas Reunidas” şirkətinə göstərilən etimada görə SOCAR rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirib: “Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram”.

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

Qeyd edək ki, I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi, II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması baş tutacaq.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

OilGas.az

116 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ