“Günəşli” yatağında daha 2 quyu istismara verildi

“Günəşli” yatağında daha 2 quyu istismara verildi

“Azneft” İstehsalat Birliyi tərəfindən “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir.

İstehsalat Birliyindən OilGas.az-a verilən məlumata görə, 2015-ci il 4 dekabr tarixində təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan sonra özüldə əsaslı təmir aparılır. Quyular təmir olunaraq istismara qaytarılır.

Bu qəbildən, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 185 və 186 nömrəli quyular əsaslı təmirdən sonra istismara verilib.

185 nömrəli quyu məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul verib, 2381-2332 metr intervaldan gündəlik 5 ton kondensat və 150000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

186 nömrəli quyu isə məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 35 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Hazırda, quyunun gündəlik hasilatı 99 ton neft və 15000 kubmetr qaz təşkil edir.

Qeyd edək ki, 10 saylı dərin dəniz özülündə 8 quyu istismar olunur və özül üzrə orta gündəlik hasilat 412 ton neft və 226000 kubmetr qaz təşkil edir.

Hər iki quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “28 May” NQÇİ-nin tərəfindən həyata keçirilir.

OilGas.az

427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ