“Əsrin kontraktı”nın icrası uğurlu istiqamətdə aparılır – Prezident

“Əsrin kontraktı”nın icrası uğurlu istiqamətdə aparılır – Prezident

“1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. Dövlət başçısı qeyd edib ki, əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün Cənub Qaz Dəhlizi icra edilə bilməzdi: “Əgər nəqliyyat layihələri icra olunmasa idi, – bu gün Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi reallaşır, – heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyarda yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var. Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, bax, gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində görmüşük və əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə qabağa apara bilmişik.

“Əsrin kontraktı”nın icrası da uğurlu istiqamətdə aparılır. Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik.

Azərbaycana yatırılan sərmayə şəffaf şəkildə saxlanılır və qorunur. Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulub. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edə bilmişik”.

OilGas.az

420 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ