“Əsrin kontraktı” Azərbaycana çox böyük faydalar gətirdi” – Prezident

“Əsrin kontraktı” Azərbaycana çox böyük faydalar gətirdi” – Prezident

“Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib”.

OilGas.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

“Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir”, -deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir: “Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir.

Digər vacib olan sahələrdə də yaxşı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi”.

OilGas.az

279 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ