Ermənistanın Rusiya məhkumluğu: Əhaliyə satılan keyfiyyətsiz və baha qaz

Ermənistanın Rusiya məhkumluğu: Əhaliyə satılan keyfiyyətsiz və baha qaz

“Ermənistanda əhaliyə satılan qaz aşağı keyfiyyətli və çox bahadır”

Bunu OilGas.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. Onun sözlərinə görə, Ermənistana qaz tədarük edən yeganə ölkə Rusiya hesab olunur. Bu da “Qazprom” şirkəti vasitəsilə gerçəkləşir:

“2016-cı ilə kimi Ermənistana “Qazprom” tərəfindən satılan boru kəmər qazının hər 1000 kubmetri 165 dollar idi. Ermənistan hökumətilə “Qazprom” arasında aparılan danışıqlardan sonra şirkət bu ölkəyə tədarük edilən boru kəmər qazının hər 1000 kubmetrinin dəyərini 150 dollara endirdi. Bu, Ermənistan-Gürcüstan sərhədində kontrakt əsasında təyin olunmuş qiymətdi. Rusiya boru kəmər qazı Ermənistanın qaz nəql sistemlərinə daxil olduqdan sonra onun həm əhali qrupuna, həm də sənaye qrupuna satış qiyməti tamamilə fərqlidir. Bu qiymətlər isə olduqca yüksəkdir”.

Ermənistanın qaz nəql sistemi və qaz infrastrukturlarının “Qazprom”un törəmə şirkəti olan “Qazprom Armenia”nın aktivində olduğunu qeyd edən ekspert onun Cənubi Qafqazda iqtisadi müstəqilliyini itirmiş yeganə ölkə olduğu bildirib:

“İllik layihə gücü 800 milyon kubmetr olan Abovyan yeraltı qaz anbarı da daxil olmaqla Ermənistanın bütövlükdə qaz nəql sistemi “Qazprom”un törəmə şirkəti olan “Qazprom Armenia”nın əlindədir. Yəni, bu gün Ermənistanda az da olsa gəlir gətirən strateji obyektlərin hamısı məhz Rusiya Federasiyasının aktivindədir. Ona görə də, Ermənistan Cənubi Qafqazda öz iqtisadi müstəqilliyini itirmiş yeganə dövlətdir.

“Qazprom” Ermənistana Gürcüstan üzərindən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri vasitəsilə ildə ortalama 1,8 milyard kubmetr qaz tədarük edir. Müəyyən həcmlərisə Ermənistan “Qazprom”la əvvəldən əldə etdiyi razılıq əsasında İrandan idxal edir. Lakin İrandan idxal olunan qaz tamamilə başqa kontrakt şərtləri altında idxal olunur.

Bilirsiniz ki, İranla Ermənistan arasında 2007-ci ildə Nurdüz-Mehri qaz kəməri istifadə verilib. Bu o dövrə təsadüf edir ki, Bakı-Tiflis əsas ixrac qaz kəməri sənaye istehsalına verilmişdi. Eləcə də Rusiya Federasiyasının, əsasən də “Qazprom”un razılığı ilə Ermənistanla İran arasında hökumətlərarası saziş çərçivəsində Rusiyaya məxsus “İtera” şirkəti Nurdüz-Mehri magistral qaz boru kəmərini çəkdi. Həmin kəmər vasitəsilə hal-hazırda Ermənistana sutkada 1 milyon kubmetr qaz ixrac edilir. Lakin onu nə sənaye sektoruna, nə əhali qrupuna satmaq ixtiyarı yoxdu. Həmin tədarük edilən qaz həcmləri Ermənistanın istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına sərf edilir və hər kubmetr idxal qazının qarşılığında Ermənistan İrana 3kVt/saat elektrik enerjisi ixrac edir. Bu da İranla Ermənistan arasındakı çəkilmiş xətti elektrik enerjisi ötürücüləri vasitəsilə həyata keçirilir”.

Ekspertin sözlərinə görə, artıq 2 ilə yaxındır ki, Ermənistan siyasi dairələrində alternativ mənbələrin axtarışı ilə bağlı mütəmadi çıxışlar olur. Bu zaman mənbə kimi onlar gah İranı, gah da Türkmənistanı göstərirlər:

“Bu gün Ermənistana yeganə qaz tədarük edən dövlət Rusiya olduğu üçün ölkənin enerji təhlükəsizliyi məsələsi gündəmdədir. Yeganə alternativ mənbə kimi isə İran və Türkmənistanı görürlər. İranla Ermənistan arasında qaz ixrac strukturlarını birləşdirən kəmər var. Türkmənistanla Ermənistanı birləşdirən vahid bir magistral qaz kəməri isə mövcud deyil.

Türkmənistan bu gün 2 kəmər vasitəsilə İrana boru kəmər qazı tədarük edir. Lakin Türkmənistanla İran sərhədindən Ermənistanla İran sərhədinə istiqamətlənən birbaşa magistral qaz kəməri olmadığından Türkmənistan qazının bu gün Ermənistana ixrac edilməsi həm texniki cəhətdən, həm kommersiya baxımından sərfəli deyil. Ermənistanda bütövlükdə qaz nəql sistemləri “Qazprom”un aktivində olduğundan onun bir dövlət olaraq nə İrandan, nə də Türkmənistandan tələb olunan qaz həcmlərini idxal etmək imkanları yoxdur. Odur ki, Ermənistan Rusiyanın qaz asılılığındadır”.

Z.Vəliyev qeyd edib ki, “Qazprom”un Ermənistana ixrac etdiyi qaz beynəlxalq standartlara cavab vermir. Ermənistan isə Rusiyadan asılı olduğu üçün bu qazı almağa məcburdur:

“Ümumiyyətlə, qaz ixracıyla bağlı müqavilələrdə əsas tələb tədarük həcmlərinin vaxtında idxalçı dövlətə çatdırılmasıdır. Eyni zamanda həmin qaz alqı-satqı müqavilələrində digər əsas şərt tədarük edilən qaz həcmlərinin beynəlxalq ixrac standartlarına cavab verməsidir. Ermənistan rəhbərliyi dəfələrlə bu məsələ ilə bağlı açıq bəyanat verərək “Qazprom”un “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəməri vasitəsilə Gürcüstan üzərindən bu ölkəyə tədarük etdiyi qaz həcmlərinin beynəlxalq standartlara 100 faizlik cavab vermədiyini bildirib. Yəni həmin qaz həcmlərinin yanma istiliyi kontraktda göstərilən şərtlərə heç cür uyğun deyil, eksport keyfiyyətlərinə cavab vermir. Başqa bir mənbədən qaz almaq imkanı olmayan Ermənistan Rusiyanın satdığı bu aşağı keyfiyyətli qazı almağa məcburdur”.

Aydan AXUNDOVA

OilGas.Az

295 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ