Ər-Riyad qlobal neft bazarını hara sürükləyir? – Ekspert şərhi

Ər-Riyad qlobal neft bazarını hara sürükləyir? – Ekspert şərhi

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanı iyulda ABŞ-a neft nəqlini böyük həcmdə azaldacaq.

Cari ay üçün Ər-Riyad Vaşinqtona gündəlik 850 min barel neft satacaq. Hazırda isə bu rəqəm sutkada təxminən 1 milyon bareldir. Hətta bu da son deyil. Səudiyyə Krallığı daha sonra neft tədarükünü gündəlik daha 100 min barel azaltmaq barədə düşünür. Görəsən, Səudiyyə Ərəbistanının ABŞ-a neft nəqlini azaltmaq niyyəti nə ilə bağlıdır?

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev OilGas.az-a açıqlamasında bildirdi ki, Səudiyyə Ərəbistanının ABŞ-a neft nəqlini azaltmaq qərarı başqa məqsəd daşıyır:

“Vyana toplantısından sonra Səudiyyə Ərəbistanının neft ixracatı proqramında dəyişiklik etməsinin bir neçə səbəbi var. Məsələ ondadır ki, iyul ayından başlayaraq Ər-Riyad ABŞ-la yanaşı, Asiya-Sakit okean bazarındakı bir neçə potensial müştərilərinə münasibətdə də ixracat həcmlərində azalmalar etmək qərarına gəlib. Ən böyük həcm azalması da təbii ki, ABŞ-a yönələn tədarük ətrafında olacaq. Bu ölkəyə neft ixracında gündəlik hasilatda təxminən 35 faizə qədər azalma baş verəcək. Bu da bir neçə səbəbdən qaynaqlanır. May-avqust aylarında Səudiyyə Ərəbistanında havaların isti keçməsilə əlaqədar neftə olan tələbat kifayət qədər artır. Yəni həmin ərəfədə onlar elektrik enerjisinin istehsalına yönələn sutkalıq həcmləri 450 mindən 750 min barelə qədər çatdırırlar. Ona görə də Ər-Riyadın istər-istəməz 4 ay ərzində (sentyabra qədər) ixrac həcmlərində azalmalara getməsi qaçılmazdır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı ABŞ-a ixrac etdiyi neft həcmini azaltmaqla hesab edir ki, bu yolla Amerikadakı kommersiya təyinatlı neft ehtiyatlarını sutkalıq 4 milyon barelə qədər azalda biləcək. Yəni məqsəd ABŞ-a yönələn tədarük həcmlərini azaltmaqla bu ölkənin kommersiya təyinatlı neft ehtiyatlarının azalmasına nail olmaqdır. Səudiyyə Ərəbistanı qlobal neft bazarını kontanqo vəziyyətindən bekvordasiya vəziyyətinə sürükləyir. Bu da OPEC daxilində normal qarşılanır. Həmin strategiyaya Rusiya da cüzi də olsa əməl edir. Bu da o deməkdir ki, Ər-Riyad uzun müddətli fücer müqavilələrinə nisbətən indi qısa müddətli müqavilələrə daha çox üstünlük verəcək. Səudiyyə Ərəbistanı bu yolla dünyada həm stasionar anbarlarda, həm də üzən gəmilərdəki normadan artıq neft ehtiyatlarının azalmasına nail olacağını güman edir”.

Samir

OilGas.az

251 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ