Enerji üzrə ekspert: “Azərbaycan qazı Cənub Qaz Dəhlizi üzrə yeni qiymətləri formalaşdıracaq”

Enerji üzrə ekspert: “Azərbaycan qazı Cənub Qaz Dəhlizi üzrə yeni qiymətləri formalaşdıracaq”

Bu gün Azərbaycan dünya enerji bazarlarında getdikcə güclənən mövqeyə malikdir. Həyata keçirilən mühüm layihələr Azərbaycanın dünya enerji bazarlarındakı rolunu daha da artırıb, eyni zamanda onun tranzit ölkəyə və bu yöndə etibarlı tərəfdaşa çevrilməsinə səbəb olub.

Bəs görəsən, bu gün Azərbaycan dünya bazarlarında nə kimi paya malikdir, hansı bazarlarda söz sahibidir?

Məsələ ilə bağlı OilGas.az enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevə müraciət edib. Ekspert hazırda Azərbaycanın kontrakt əsasında Gürcüstana, Türkiyəyə və eyni zamanda “swap” şərtlər əsasında İrana qaz həcmləri ixrac etdiyini bildirib:

“Qaz ixracında bizim ən üstün satış və müştəri bazarımız Gürcüstandadır. Gürcüstanın qaza olan tələbatı Azərbaycanın Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə ixrac zamanı tranzit haqqı kimi verdiyi mavi yanacaqla qarşılanır. Gürcüstanın satış bazarının demək olar ki, 96 faizi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzarətindədir. Türkiyə satış bazarında bizim payımız hardasa 10 faizdən yuxarıdır. Eyni zamanda biz müəyyən həcmlərdə İrana qaz ixrac edirik. Bu da Naxçıvanın mavi yanacağa olan tələbatının İran tərəfindən təmin olunması qarşılığında bizim “swap” şərtlər əsasında ixrac etdiyimiz qaz həcmləridir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hazırda dünyanın 31 ölkəsinə neft ixrac edir. Neft satış bazarımızın coğrafiyası artıq çox genişdir. Həm Qara dəniz regionu ölkələri, həm Aralıq dənizi regionu ölkələrinə, həm də Asiya-Sakit Okean bazarı ölkələrinə neft ixrac edirik. Hər iki satış bazarında SOCAR-ın qarşıdakı illərdə də ciddi bir problemi olmayacaq. Təbii ki, Cənub Qaz Dəhlizinin sənaye istismarına verilməsindən sonra artıq həm Şərqi Avropa ölkələrində, həm Mərkəzi Avropa, həm də Cənubi Avropa ölkələrində müəyyən payımız olacaq. Bələliklə, Avropa bazarlarında payımız təxminən faiz civarında olacaq ki, bu da normal göstəricidir”.

Zəfər Vəliyev vurğulayıb ki, Azərbaycanın Gürcüstan bazarında böyük paya sahib olması onun etibarlı tərəfdaşlığı, götürülən öhdəliklərin zamanında və tam həcmdə yerinə yetirməsilə əlaqədardır:

“SOCAR-ın kontrakt öhdəliklərini yerinə yetirməsi, qaz tədarükündə fasilələrin olmaması, dayanıqlı ixrac güclərim Gürcüstan bazarında çox üstün mövqeyə malik olmağımızı şərtləndirir. Həm qiymət baxımından, həm də müqavilə əsasında öhdəlik götürdüyümüz tədarük həcmlərinin vaxtlı-vaxtında müştəri bazarına çıxarılmasında bu gün SOCAR-ın Gürcüstan müştəri bazarında alternativi yoxdur.

Gürcüstan bazarında nə Rusiyanın “Qazprom” şirkəti, nə də ki başqa bir potensial qaz ixrac edən ölkə rəqabət apara bilməz. Bu, birmənalı belədir. Qarşıdakı illərdə də Türkiyəyə əlavə qaz həcmləri təqdim edəcəyik. Bu, TANAP, bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçiriləcək. Düşünürəm ki, 2020-ci ildən sonra Türkiyənin enerji bazarlarında da iştirak payımız artacaq”.

Ekspert qeyd edib ki, bu gün Avropa bazarlarında Azərbaycanın müəyyən yer tutması hansısa potensial qaz ixrac edən ölkəyə orada alternativ yaratması anlamına gəlmir. Sadəcə, Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması, mənbələrin və ixrac kəmərlərinin diversifikasiya edilməsindən irəli gəlir:

“Biz heç bir dövlətə qarşı alternativ addımlar atmırıq, bu tip əməliyyat aparmırıq. Sadəcə, Azərbaycanın aktivində olan qaz yataqlarından çıxarılan həcmlərin yeganə satış yeri Avropa bazarlarıdır. Biz Asiya bazarlarına daxil ola bilmərik. Bu, nə logistik cəhətdən, nə də qiymət baxımından mümkün deyil. Ona görə də Azərbaycanın aktivində olan yataqlardan hasil olunan qaz həcmlərinin Avropa bazarlarına çıxarılması sadəcə, tutduğumuz mövcud coğrafi mövqe ilə bağlıdır. Qarşıdakı illərdə “Şahdəniz” qaz-kondensat yatağının ikinci fazası layihəsi çərçivəsində hasil edilən qaz həcmləri və digər yataqlarımızdan hasil ediləcək qaz həcmlərinin satışını yalnız Avropa bazarlarında təşkil etmək olar. Bizim başqa bazarlara daxil olmaq imkanlarımız olduqca məhduddur. Ona görə də Azərbaycan qazının bu gün Cənub Qaz Dəhlizinin sənaye istismarına verilməsindən sonra Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya bazarlarına daxil olması heç də o demək deyil ki, burada hansısa ölkəyə maneçilik törədəcək və ya alternativ olacağıq. Bu, belə deyil. Çünki bu gün Azərbaycanın ixrac etdiyi qaz həcmləri Avropa bazarlarında ciddi alternativ yaratmağa imkan vermir. Sadəcə, bu, Avropanın enerji təhlükəsizliyinə və mənbələrin şaxələnməsi prinsipinə bir töhfədir. Eyni zamanda biz Cənub Qaz Dəhlizinin keçdiyi o xətt üzrə yeni qiymətlərin formalaşmasına əsas yaradacağıq”.

Aydan Axundova

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ