Energetika Nazirliyi “ASAN Xidmət” vasitəsilə 242 icazə verib

Energetika Nazirliyi “ASAN Xidmət” vasitəsilə 242 icazə verib

Bu ilin IV rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 57 icazə verilib.

Nazirlikdən OilGas.az-a verilən məlumata görə, bunlardan 53 icazə 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Verilmiş icazələrin 52-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 4-ü isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Ümumilikdə 2018-ci il ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranzitinə 292 icazə verilib. Bu icazələrin 244-ü idxal, 24-ü ixrac, 24-ü isə tranzitlə bağlı icazələri əhatə edib. İl ərzində verilmiş icazələrin 242-i “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib.

Hazırda 3 növ icazənin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

3300 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ