Ekspertdən şok proqnoz: Neft tezliklə 50 dollara düşəcək

Ekspertdən şok proqnoz: Neft tezliklə 50 dollara düşəcək

Hazırda dünya bazarlarında neftin qiyməti 70 dolları da keçib. Bu fonda neft istehsal edən ölkələrdə əvvəlki dövrə nisbətən müəyyən qədər canlanma müşahidə edilir. Lakin bununla belə bir sıra ekspertlər bildirirlər ki, bu bahalaşma müvəqqətidir və bir neçə aydan sonra “qara qızıl”ın qiyməti 50-55 dollaradək enəcək.

Bəs görəsən bu proqnozlar nə dərəcədə düzgündür? Bu ehtimallar hansı halda özünü doğrulda bilər?

İqtisadçı ekspert Natiq Cəfərli OilGas.az-a açıqlamasında bildirdi ki, fevral-mart aylarına doğru ABŞ və Kanadada hasilatın artması ilə neftin qiyməti 50-55 dollara düşəcək: “Bu günə qədər bahalaşmaqda olan neftin qiyməti keçən ilin sentyabrından başlayan bir trenddir. Yəni keçən il sentyabrın sonlarından neft bahalaşmağa başladı və hazırda 69 dollara çatıb. Bu artımın kökündə də siyasi səbəblər durur. İran Kürdüstanında referendum qərarı neftin qiymətinin 3-4 dollar bahalaşmasına səbəb oldu. Kərkük-Yumurtalıq-Ceyhan kəməri bağlandı. Amma gələn həftədən həmin kəmər yenidən işə düşəcək. Səudiyyə ilə Yəmən arasında yaşanan gərginlik də prosesə bahalaşma baxımından təsir etdi. Liviyadakı böyük neft kəmərinin partladılması ilə neft hasilatı xeyli dərəcədə azaldı. Bununla paralel qiymət artımına təsir göstərən yeganə iqtisadi səbəb OPEC və ora üzv olmayan neft ölkələrinin gündəlik neft hasilatını azaltmaqla bağlı qərarın müddətini uzatmaları oldu. Həmin qərar 2018-ci ilin sonuna qədər uzadıldı. Bu ilin sonunda da həmin anlaşma bitir.

Amma dünyada neft hasilatı və istehlakında ciddi dəyişiklik baş vermədi. Anlaşmanı imzalayan ölkələrdə gündəlik hasilat 1,8 milyon barel azalsa da, onu kompensasiya edəcək qədər neft OPEC-ə üzv olmayan ölkələrdə hasil olunmağa başlanılıb. ABŞ-da keçən ilin əvvəlində gündəlik neft hasilatı 8,6 milyon barel idisə, indi artaraq 9,7 milyona çatıb. Marta qədər isə bu hasilatın 10 milyonu keçəcəyi düşünülür. Belə olan halda ABŞ Səudiyyə Ərəbistanı və Rusiya qədər neft hasil edəcək. Kanadada da həmçinin, gündəlik hasilat 3,2 milyondan, 4 milyon barelə yüksələcək. Ona görə də, neft hasilatı baxımından bu gün izləniləcək əsas yer ABŞ və Kanadadır. Bu xəbərlər də neftin qiymətinin düşməsinə gətirib çıxaracaq və OPEC-in azaltdığı nefti tam kompensasiya edəcək. Hazırda təbii şərait də neftin bahalaşmasını şərtləndirir. Yaza doğru ABŞ və Kanadada hasilatın artması və təbii şəraitin yumşalması neftə olan tələbatı azaldacaq, hasilatın artması da bazara əlavə neft çıxışını təmin edəcək. Fikrimcə, bu fonda fevraldan başlayaraq martın sonuna qədər neftin qiyməti 50-55 koridoruna doğru geri dönəcək”.

Samir
OilGas.az

264 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ