Əhaliyə şad xəbər – Prezident 100 milyonluq sərəncam imzaladı

Əhaliyə şad xəbər – Prezident 100 milyonluq sərəncam imzaladı

Prezident İlham Əliyev “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

OilGas.az xəbər verir ki, sərəncamla 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Sərəncamda bildirilir ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, qaz təchizatı infrastrukturu yenidən qurulub, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılıb.

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılıb və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sərəncamla 2018-ci ildə Lənkəran rayonunun Mollakənd və Şovu kəndlərinin, Şəkinin Çayqaraqoyunlu, Baş Küngüt, Yevlaxın Rüstəmli, Qaraməmmədli, Ağcabədinin Biləyən, Şotlanlı, Ağdaşın Orta Ləki, Aşağı Nemətabad, Ağsunun Nuran kəndinin, Astaranın Rinə kəndinin, Beyləqanın Əmirzeydli kəndinin, Bərdənin Hacıbəyli, Kafarlı, Cəlilabadın Cəlayir kəndinin, Daşkəsənin Quşçu, Bayan, Gədəbəyin Çaldaş, Səbətkeçməz, Goranboyun Həmənli kəndinin, Göyçayın Kürdşaban, Şəkili, Göygölün Şəhriyar, Kərəmli, Çaykənd, Xaçmazın Krasnı Xutor kəndinin, İmişlinin Aranlı, Qızılkənd, İsmayıllının Lahıc, Qaraqaya, Gəndov, Namazgah, Kürdəmirin Qarasu kəndinin, Qaxın Meşəbaş kəndinin, Qəbələnin Mıxlıqovaq, Kötüklü, Qobustanın Şıxzahırlı kəndinin, Qubanın Ərməki, Güneyməhlə, Qusarın Piral, Cibir və Lerikin Veri kəndinin qazlaşdırılması nəzərdə tutulur.

Bundan başqa, cari il ərzində Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinin, Neftçalanın Ərəbqardaşbəyli, Cəngan, Oğuzun Muxas kəndinin, Saatlının Məzrəli, Azadkənd, Sabirabadın Yuxarı Axtaçı, Yastıqobu, Salyanını Düzənlik, Peyk, Siyəzənin Qozağacı kəndinin, Şabranın Sumağava Qazma, Qorğan, Şamaxının Bağırlı, Ovçulu, Şəmkirin Yeni Göyçə kəndinin və Şəmkir şəhərinin “Sərxan” adlanan ərazinin, Qaracəmirli kəndində yeni massivin, Tərtərin Soyulan, Hacallı, Alışarlı, Rəcəbli, Kövdadıq, Bildirçinli, Umudlu və Aşağı Qapanlı kəndlərinin, Tovuzun Hunanlar, Əhmədabad, Ucarın Ramal, Əlikənd, Yardımlının Gavran kəndinin, Zaqatalanın Bəhmətli, Lahıc, Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması planlaşdırılır.

Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə isə il ərzində 3 rayonda 4 qəsəbənin qazlaşdırılması nəzərdə tutulur: Ağdam rayonunun Ergi adlanan ərazidə salınmış qəsəbəsinin (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər) və “Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivin (Şuşadan olan məcburi köçkünlər), Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidə salınmış qəsəbəsinin (Laçından olan məcburi köçkünlər), Sabirabad rayonunun Rüstəmli kəndinin ərazisində salınmış qəsəbəsinin (Zəngilandan olan məcburi köçkünlər).

26331 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ