Dollardan imtina mümkündürmü?

Dollardan imtina mümkündürmü?

“Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur”.

OilGas.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov facebook sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

Ekspert bir sıra dövlətlərin xarici ticarətdə dollardan imtina etmək istəyininin mümkün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib:

“Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdüsə, indi Türkiyədən dollardan imtinaya daha çox çağırışlar var. Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib. Hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq, ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegomonluğunu qoruyub saxlayır. Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegomunluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur.

Məsələn ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr də öz pullarını dollar üzərindən konvertasiya etməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payını azaltmaq istəsələr də, alternativ olaraq avrodan istifadə edilməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər”.

192 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ