Dizel də bahalaşacaq – Ekspertdən bədbin proqnoz

Dizel də bahalaşacaq – Ekspertdən bədbin proqnoz

Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. İclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Bəs, bu gündən qüvvəyə minəcək qərar başqa hansı sahələrdə qiymət artımına səbəb olacaq?

Sözügedən məsələ ilə bağlı OilGas.az iqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti, keçmiş millət vəkili Nazim Bəydəmirli ilə əlaqə saxlayıb. İqtisadçı bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da qiymət artımı cəncirvari olur:

“Benzin yanacağında qiymət artımı istər qida sənayəsi, istər daşınma sahəsi, istərsə də xidmət sahəsinə sirayət edəcək. Enerji daşıyıcılarının nəqliyyat xidmətlərinin maya dəyərinə  ən azı 20% təsiri var. Təbii ki, gediş haqqı qiymətlərinə dair qərarı Tarif Şurası verəcək. Benzinin qiyməti bahalaşdıqdan sonra Tarif Şurası gediş haqqı qiymətlərini də yenidən nəzərdən keçirməli olacaq”.

N.Bəydəmirlinin sözlərinə görə, dizel yanacağının qiymətində də artım olacağı istisna olunmur: “Gediş haqqı qiymətlərinin qaldırılmaması üçün dizel yanacağından daha çox istifadə olunması və dizelin qiymətinin bu və ya digər şəkildə sabit qalması əsas gətirilə bilər. Lakin düşünürəm ki, dizel qiymətləri də adekvat olacaq bahalaşacaq. Dünya təcrübəsi göstərir ki, dizel yanacağı ilə benzin yanacağı qiymətləri arasında fərq kəskin olmur. İnkişaf Etmiş Ölkələrin təcrübəsinə əsasən, bu fərq yalnız 10-15% təşkil edir. Odur ki zənnimcə, qiymət artımı bununla məhdudlaşmayacaq, dizel yanağının qiymətində mütləq artım olunacaq”.

İqtisadçı qeyd edib ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal edilmədiyinə görə, bu markalı benzin ölkəyə idxal edilir. Odur ki, qiymətdə hər hansı artımın olacağı gözlənilmir:

“Dünya təcrübəsində, Premium benzinin qiyməti heç də yüksək deyil. Aİ-95 markalı benzini istehsal etməyən ölkələr ona aksiz vergisi və idxal vergisi tətbiq edir. Bu baxımdan qiymət yüksək olur. Lakin dünyada bu markalı benzinin 1 litrinin topdan satış qiyməti 30 senti keçmir. Yəni vergi və rüsumlar əlavə olunduğu üçün bu benzinin qiyməti yüksək olur. Odur ki, qiymətdə artıma səbəb yoxdur. Yalnız əvvəl də dediyim kimi, qiymətlər arasındakı 10-15% fərqi qorumaq üçün qiymət artımı ola bilər”.

N.Bəydəmirli Azərbaycanda Aİ-92 markalı benzinin İnkişaf Etmiş Ölkələrə nisbətən baha olduğunu bildirib. Onun sözlərinə görə, qiymət artımına səbəb son zamanlar Azərbaycan hökumətinin ölkəyə cəlb etdiyi xarici kreditlər ola bilər: “Tarif Şurası açıqlamada qonşu ölkələrlə müqayisə aparıb. Burada qeyd olunub ki, MBD ölkələri arasında ən ucuz benzin qiyməti Azərbaycandadır. Lakin bu qiymət artımından sonra Azərbaycanda benzinin qiyməti İnkişaf Etmiş Ölkələrdən, hətta ABŞ-dan belə daha yüksək oldu. Hətta artıq bizdəki qiymətlər orta əmək haqqı Azərbaycandakı orta əmək haqqından dəfələrlə yüksək olan ölkələrdən belə daha yüksək olacaq.

Bu artımın səbəbi çox güman olunla əlaqədardır ki, son vaxtlar Azərbaycanın hökuməti SOCAR vasitəsilə xarici kreditlərlər cəlb edir. Xarici kreditlərin geri qaytarılması kommunal tariflərin, vergi və rüsumların artırılması ilə zəmanət altına alına bilər. Görünür ki, Azərbaycan hökumətinin başqa çıxış yolu olmayıb. Lakin bu artım əhalinin maddi vəziyyətinin kəskin pisləşməsinə, istehsal sahəsinin geriləməsinə gətirib çıxara bilər”.

Aydan Axundova

OilGas.az

129 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ