Diqqətlər Vyanada: OPEC+ görüşünün nəticəsi nə olacaq? – Ekspertlər cavablayır

Diqqətlər Vyanada: OPEC+ görüşünün nəticəsi nə olacaq? – Ekspertlər cavablayır

Noyabrın 30-da bütün diqqətlər Vyanada OPEC və qeyri-OPEC ölkələrinin görüşündə cəmlənəcək. Nazirlər səviyyəsində keçirilən görüşdə neft hasılatının azaldılması barədə sazişin gələcək taleyi müzakirə olunacaq.

Görəsən, mühüm görüşün sonunda sazişin müddətilə bağlı hansı qərar qəbul olunacaq?

OilGas.az suala cavab tapmaq məqsədilə ekspertlərə müraciət edib.

İqtisadçı ekspert Natiq Cəfərli: “Çox güman ki,noyabrın 30-da keçiriləcək görüşdə hasilatın azaldılması barədə sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılmasıyla bağlı qərar rəsmən təsdiqlənəcək. İndi bazarı düşündürən əsas məsələ oldur ki, hasilatın azaldılmasıyla bağlı yeni qərar olacaqmı?

Düşünürəm ki, hasilatın daha böyük həcmdə azaldılması müzakirə olunmayacaq. Çünki OPEC və OPEC-ə daxil olmayan ölkələr istəklərinə demək olar ki, çatıblar. Cəmi 6-7 ay öncə onların hədəfi neft qiymətlərinin hətta 50-55 dollar aralığında olması idi. Hazırda neftin bir barelinin dəyəri 62-63 dollara qədər qalxıb. İnanmıram ki, növbəti dəfə hasilatın azaldılması həcminin artırılmasıyla bağlı qərar verilsin”.

İqtisadçı ekspert Rəşad Həsənov: “Neft bazarında əsas iştirakçıların mövqeyinə nəzər salsaq, Səudiyyə Ərəbistanı, eyni zamanda OPEC-ə daxil olmayan Rusiyanın mövqeyi, həmçinin faktiki olaraq son dövrlərdə dünya bazarlarında neftin qiymətinin dinamikası və əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, bu görüşdə böyük ehtimalla, OPEC+ sazişinin müddətinin uzadılmasıyla bağlı ümumi, yekdil qərar qəbul olunacaq.

Ola bilsin ki, hansısa ölkələr üçün istisnalarla bağlı müəyyən müvəqqəti şərtlər də razılaşmada öz əksini tapsın. Lakin istənilən halda düşünürəm ki, görüşdə sazişin müddətinin uzadılmasına dair qərar qəbul ediləcək. Böyük ehtimalla, sazişin müddəti 6  və ya 9 ay müddətinə uzadılacaq”.

İqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti, keçmiş millət vəkili Nazim Bəydəmirli: “Düşünürəm ki, saziş iştirakçıları kvotanı saxlamağa çalışacaqlar. Çox güman ki, sazişin müddəti 2018-ci ilin sonuna qədər uzadılacaq. Adətən bu kimi vacib görüşlərdən öncə təşkilatlar bir sıra proqnozlarla çıxış edirlər və bu proqnozlar özünü doğruldur. Hər halda məlumat bazara sızdırılır.

Azərbaycan neft istehsalçısı kimi qiymətlərin artırılmasında maraqlıdır. OPEC də neft qiymətlərini hazırki yüksək həddə saxlamağa çalışır. Odur ki, sazişin müddətinin uzadılması, kvotanın saxlanılması realdır”.

Aydan Axundova

OilGas.az

151 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ