“Çətinliklər bizi bu yoldan döndərə bilmədi” – Prezident

“Çətinliklər bizi bu yoldan döndərə bilmədi” – Prezident

“2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Yəni, əsas xronoloji mənzərə bundan ibarətdir”.

OilGas.az xəbər verir ki, bunu bu gün AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı “Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalardan bəhs edib: “Bunlardan əlavə, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir. Gəmiqayırma zavodu tikilmişdir, hansı ki, indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri – Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edirlər. Yəni, budur “Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalar.

Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.

Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir”.

Prezident İlham Əliyev neftçiləri peşə bayramı münasibətilə əvvəlcədən təbrik edib: “Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır – XX əsrin ortalarında “Neft Daşları”ndan. Yəni, bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm. Bugünkü mərasimdə xüsusilə nəzərə alsaq ki, neftçilərin peşə bayramı yaxınlaşır, Azərbaycan neftçilərinə öz səmimi təbriklərimi, minnətdarlığımı bildirirəm”.

OilGas.az

 

282 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ