““Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır” – İlham Əliyev

““Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır” – İlham Əliyev

“Cənub Qaz Dəhlizi” Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində çıxışında deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələlərinin həllinə də köməklik göstərəcək: “Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi şəkildə dayanıb. Ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Biz bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə tam mənada enerji resurslarının diversifikasiyası, şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə sözün əsl mənasında enerji şaxələndirilməsi layihəsini icra edirik.

Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib və bu da çox önəmlidir. Maraqlar balansı burada gözlənilib. Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr. Və istehlakçı ölkələr, hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar və beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam təmin ediləcək. Yəni bu maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasəti ilə bağlı yanaşmamız məhz bundan ibarətdir. Bütün iştirak edən tərəflər, şirkətlər, ölkələr öz mənfətini götürməlidirlər. Əlbəttə ki, Azərbaycan resursların sahibi kimi öz mənfəətini götürür və götürəcək.

Çıxışımın sonunda bu layihələrin ölkəmizə nə qədər böyük fayda gətirdiyini qeyd etmək istərdim. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan, güclü iqtisadiyyata malik bir ölkədir. Son 15 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfədən çox artıb. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 fazini təşki edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə çatıb. İşsizlik 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, “qara qızıl”, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olub ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri bərabər, ədalətli şəkildə cəmiyyətdə bölək və ölkə iqtisadiyyatı üçün, inkişafı üçün lazım olan layihələrə yönəldək.

Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirləri iqtisadiyyatın qeyri-neft sektoruna yönəldirik. Davos Forumunun hesablamalarına görə, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları var, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Uğurlu inkişafı siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düşünülmüş iqtisadi siyasət və regional əməkdaşlıq təmin edir. Bu gün bu tarixi gündə mən bu tarixi məqamları bir daha sizin və Azərbaycan xalqının diqqətinə çatdırmaq istərdim. Çünki bu günün təməli məhz o illərdə qoyulub. Sadəcə olaraq, biz ardıcıllıqla bütün bu işləri görmüşük və bu gün bizim ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün də mən “Cənub Qaz Dəhlizi”nə uzun və uğurlu ömür arzulayıram”.

121 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ