“Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişir” – Prezident

“Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişir” – Prezident

Cənub Qaz Dəhlizi hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə səsləndirib.

“Həyata keçirdiyimiz strateji layihələr arasında mən ikisini qeyd etmək istərdim. Birincisi, əlbəttə ki, Cənub Qaz Dəhlizidir. Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələ deyildi. Bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir və mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Ölkə başçısı bildirib ki, Cənub Qaz Dəhlizi də əməkdaşlıq formatı baxımından çox cəlbedicidir. Çünki burada Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzvləri Yunanıstan, İtaliya, Bolqarıstan və həmçinin Albaniya iştirak edir. Artıq 3 ildir ki, hər il yeddi ölkə əməkdaşlığı gücləndirmək məqsədilə dəhlizin məşvərət şurası üçün Bakıda toplaşır. Bu, təkcə qazla bağlı deyil, bu, biznesdir, investisiya, məşğulluq, proqnozlaşdırılma və əməkdaşlıqdır.

OilGas.az

249 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ