“Caspian Energy” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

“Caspian Energy” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

Caspian Energy jurnalının Beynəlxalq Caspian Oil & Gas sərgi və konfransının 25 illiyinə həsr olunmuş xüsusi nömrəsi sərginin açılış mərasimində Azərbaycan Prezidenti, Caspian European Club-un sədri İlham Əliyevə təqdim olunub.

Caspian Energy jurnalının birinci nömrəsi kimi bu buraxılışın təqdimatı da Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün əlamətdar hadisə sayılan Caspian Oil & Gas sərgisinin açılışında baş tutub.

OilGas.az xəbər verir ki, bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, jurnalın həmin buraxılışı həmçinin iyunun 14-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək 6-cı Beynəlxalq Caspian Energy Forum Nakhchivan-2018 çərçivəsində təqdim olunacaq.

Caspian Energy jurnalının yeni nömrəsində Mərakeş Krallığı Hökumətinin başçısı Saadədin Əl-Otmaninin eksklüziv müsahibəsi dərc olunacaq. Caspian Energy jurnalında həmçinin Çexiyanın sənaye və ticarət naziri Tomaş Hunerin, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarxın müsahibələri, SOCAR-Dalgidj LLC – Oceaneering Alliance, Azpetrol, Express Bank-ın fəaliyyəti, eləcə də Iteca Caspian sərgi və konfransı ilə bağlı materiallar yer alıb.

Telman Əliyev vurğulayıb ki, “Caspian Oil & Gas” sərgi və konfransı artıq 25 ildir dünyanın hər tərəfindən böyük sayda iştirakçını bir araya toplayan, ölkə iqtisadiyyatının sürətli inkişafını şərtləndirən, geniş imkanlar yaradan, fəal danışıqların aparılmasına və biznes əlaqələrinin qurulmasına şərait yaradan meydan rolunu oynayır. “1994-cü ildən sərginin iştirakçısı və Caspian Energy International Media Group yarandığı gündən “Caspian Oil & Gas” sərgi və konfransının partnyoru olmaq bizim üçün böyük şərəfdir. Fürsətdən istifadə edib İteca Caspian-ın rəhbərliyini və bütün kollektivini “Caspian Oil & Gas” sərgi və konfransının 25 illik yubileyi münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzu edirəm. Biz İteca Caspian şirkəti və Caspian Energy International Media Group arasındakı səmərəli, sabit və uzunmüddətli əməkdaşlığa görə səmimi qəlbdən təşəkkür edirik”, – deyə o bildirib.

Beynəlxalq Caspian Energy jurnalı dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

390 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ