“Bu, SOCAR üçün itki hesab edilə bilməz” – Ekspert

“Bu, SOCAR üçün itki hesab edilə bilməz” – Ekspert

Son günlər, Türkiyənin ən öndə gedən şirkətləri arasında yer alan “Tekfen Holding”in səhmlərinin 22% dəyər itirməsi məsələsi iqtisadi arenada müzakirə mövzusuna çevrilib.

Holdinqin strukturuna daxil olan “Tekfen”lə Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlığı bu itkidən SOCAR-ın necə təsirlənəcəyini də gündəmə gətirib.

OilGas.az saytı məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənova müraciət edib. Ekspert investisiya siyasəti həyata keçirən şirkətlər üçün risklərin də qaçınılmaz olduğunu, lakin uzunmüddətçi dövrdə bunun SOCAR üçün itki hesab olunmayacağını qeyd edib:

“Nəzərə almaq lazımdır ki, uzunmüddətli strategiyalarda investisiya siyasəti həyata keçirən şirkətlərin hər zaman riskləri var. O cümlədən SOCAR da istisna təşkil etmir. SOCAR-ın demək olar ki, bir sıra ölkələrdə xarici investisiya siyasəyi həyata keçirdiyini nəzərə alsaq, qlobal çağırışlar fonunda, eyni zamanda regional fonda baş verən proseslərin SOCAR-ın payçısı olduğu şirkətlərin dəyərinə, gəlirlərinə təsiri hər zaman müşahidə olunur və bundan sonra da olunacaq. Yəni bu risklər bəzi hallarda qaçılmazdır. Düzdür, preventiv olaraq investisiya siyasətinin daha uzunmüddətli dövr üçün risk analizini apardıqdan sonra həyata keçirilməsi risklərdən yayınmağa yardımçı ola bilər. SOCAR-ın bu istiqamətdə peşəkar komandası var. Amma bunun daha da təkmilləşdirilməsi və bir sıra hallarda investisiya siyasətilə dövlət siyasəti arasında bu gün müşahidə edilən koordinasiyanın aradan qaldırılmasına ehtiyac var. Belə ki, Azərbaycana məxsus dövlət şirkətlərinin investisiya siyasəti həyata keçirərkən bəzi hallarda bu siyasəti hökumətlərarası münasibətlər fonunda həyata keçirdiyini müşahidə edirik. Bu isə uzunmüddətli dövrdə risk yüklü olur. Çünki burada dövlət və hökumətlərarası münasibətlərin dəyişməsi və yaxud da hökumətlərarası münasibətlərin bu günkü investisiya siyasəti həyata keçirən zaman düzgün qiymətləndirilməməsi kimi məqamlar ortaya çıxır.

Ona görə də dövlət şirkətləri, o cümlədən də SOCAR ilk növbədə investisiya siyasəti həyata keçirərkən daha çox iqtisadi kontekstdən məsələyə yanaşmalı, siyasət bu kontekstdə tamamilə kənarda tutulmalıdır. Şirkət məhz uzunmüddətli dövr üçün risk analizini aparmaqla preventiv olaraq bu kimi təhlükələrdən özünü sığortalamalıdır. Amma ümumiyyətlə götürdükdə dünya təcrübəsi də onu göstərir ki, böyük şirkətlərin investisiya layihələri heç də hər zaman gəlirli və ya uğurlu tamamlanmır. Bu baxımdan da müəyyən qədər baş verənləri əvvəlcədən proqnozlaşdırmaq mümkündür.

Düşünürəm ki, “Tekfen”də hazırda baş verənlər qısamüddətli xarakter daşıyır. “Tekfen” uzunmüddətli dövrdə yenidən bu itkiləri bərpa edəcək. Təbii ki, “Tekfen” də daxil olmaqla SOCAR-ın investisiya siyasəti həyata keçirdiyi hər hansı bir şirkətdə baş verən zərərlər və ya səhmlərin dəyərsizləşməsi həmin şirkətdə SOCAR-ın təmsilçiliyi səviyyəsinə uyğun olaraq ona təsir göstərir. Yəni əgər SOCAR “Tekfen”də 22% paya sahibdirsə, burada 22%lik itkilərə məsuliyyət daşıyır. Yəni bu müəyyən qədər SOCAR-ın ümumi nəticədə illik gəlirlərinə və ümumi kapitalının ilsonunda qiymətləndirilməsi zamanı aktivlərin həcminə öz təsirini göstərəcək. Lakin qeyd etdiyim ki, uzunmüddətli dövrdə SOCAR-ın “Tekfen”dəki bu itkiləri bərpa olunacaq. Yəni bu, uzunmüddətli dövrdə SOCAR üçün itki hesab edilə bilməz”.

Aydan Axundova

257 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ