“Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir” – Prezident

“Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir” – Prezident

Bu gün Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub.

OilGas.az xəbər verir ki, açılışda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə həs kəsi təbrik edib. Dövlət başçısı sərginin tarixindən, əhəmiyyətindən bəhs edib:

“Mən sizin hamınızı ürəkdən salamlayıram, Xəzər neft və qaz sərgisinin açılışı münasibətilə sizi təbrik edirəm. Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Sərgiyə maraq azalmır, əksinə artır. İndi qeyd olundu ki, bu sərgidə 300-ə yaxın şirkət iştirak edir. Qəti əminəm ki, builki sərgi də uğurlu olacaqdır.

Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və Azərbaycanı, ölkəmizin neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycan ilə 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər.

Birinci sərgi isə Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilibdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir. Bildiyiniz kimi, hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik”.

OilGas.az

433 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ