Bu ölkədə əhaliyə benzin satışı dayandırıldı – Yüksək vəzifəlilər üçün istisna var

Bu ölkədə əhaliyə benzin satışı dayandırıldı – Yüksək vəzifəlilər üçün istisna var

Şimali Koreyadakı yanacaqdoldurma məntəqələrində hamı üçün benzin satışı dayandırılıb.

OilGas.az Yaponiyanın Asahi qəzetinə istinadən xəbər verir ki, sentyabrın sonlarından etibarən tətbiq edilən qadağa yalnız Koreya Əmək Partiyası, hökumət, silahlı qüvvələr və xüsusi xidmət orqanlarının yüksəkçinli xadimləri üçün qüvvədə deyil.

Benzin satışı ilə bağlı tətbiq edilən sərt qadağa ölkədə yanacaq ehtiyatları yaratmağa istiqamətlənib. Bu, sentyabr ayında BMT Təhlükəsizlik Şurasının KXDR-ə neft və neft məhsulları ixracını məhdudlaşdırmasından sonra hökumətin “sığortalanmaq” siyasətidir.

İddialara görə, sentyabrın sonlarından etibarən KXDR-dəki yanacaq doldurma məntəqələrində yalnız dövlət qeydiyyat nişanı 727 rəqəmilə başlayan avtomobillərin çənlərinə benzin doldurulur. Bu nömrələr isə yüksək vəzifə sahiblərinə verilir.

İctimai nəqliyyat vasitələri və xarici vətəndaşların avtomobillərinə qarşı qadağanın tətbiq edilib-edilməməsilə bağlı hələ ki məlumat yoxdur.

Qeyd edək ki, Şimali Koreyada neft və neft məhsullarına olan illik tələbat 700-900 min ton həcmində hesablanır. Bundan əlavə, ölkə müharibə ehtimalına görə daima 1 milyon ton həcmində strateji ehtiyat saxlayır. İddialara görə, hökumət bu ehtiyat həcmini 2 dəfə artırmaq barədə qərar qəbul edib.

Xatırladaq ki, bu ilin əvvəllərindən KXDR-də benzin qiymətlərinin üç dəfə bahalaşması barədə məlumat yayılmışdı.

OilGas.az

 

248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ