“Bu gün bizim üçün əsas bazar Avropa bazarıdır” – İlham Əliyev

“Bu gün bizim üçün əsas bazar Avropa bazarıdır” – İlham Əliyev

“Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. Dövlət başçısı qeyd edib ki, enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir:

“Enerji təhlükəsizliyi məsələləri qeyd etdiyim kimi, ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır. Böyük mənbədir, yaxında yerləşən mənbədir.

Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu dörd layihənin icrasına sərmayə qoymasaydı, əminəm, heç bir investor sərmayə qoymazdı. Çünki Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif layihələr azı 10 ildir ki, müzakirə mövzusu idi. Bu müzakirələrin ona görə heç bir nəticəsi olmamışdır ki, vəsait qoymaq üçün heç kim ilk addım atmırdı. Hamı gözləyirdi ki, kimsə bu addımı atacaq. Biz görəndə ki, artıq ildən-ilə bu müzakirə heç bir nəticəyə gətirib çıxarmır, o vaxt – 2012-ci ildə biz Türkiyə tərəfi ilə TANAP layihəsinə imza atdıq. Ondan sonra “Şahdəniz-2” layihəsinə start verildi. Ondan sonra TAP layihəsi seçildi və biz artıq işə başlamışıq. Ona görə, Azərbaycan burada həm siyasi iradə göstərir, eyni zamanda, iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, “Cənub Qaz Dəhlizi” layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki Cənub Qaz Dəhlizi bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası artıq yeni layihələrə də start verdi. Hazırda növbədə “Böyük Abşeron” layihəsinin işə başlamasıdır. Əslində, işlər başlamışdır. Biz “Abşeron” layihəsindən, – təqribən 350 milyard kubmetr qaz ehtiyatları var, – 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda, paralel olaraq “Ümid-Babək” və “Dayaz sulu” layihələri də icra edilir. Bu layihələrin də yaxın illərdə fəaliyyətə başlaması, yəni, hasilatın başlaması gözlənilir. Yəni, biz öz neft-qaz potensialımızı gücləndiririk. Biz daha da böyük həcmdə təbii qaz, neft ixrac etməyi planlaşdırırıq. Bununla paralel olaraq, biz bu gün tranzit ölkə kimi önəmli tərəfdaşa çevrilmişik. Azərbaycan ərazisindən neft, neft məhsulları Xəzərin şərq hissəsindən dünya bazarlarına çıxarılır. Bizim rolumuz artır. Nəqliyyat infrastrukturumuz genişlənir. Hər şey – həm Xəzər Gəmiçiliyi, həm Bakı Limanı, dəmir yolları, terminallar hazırdır. Biz hər şeyi etmişik. Əminəm ki, bundan sonra neft-qaz sahəsində layihələr Azərbaycana daha da böyük xeyir gətirəcək. Həm bizim iqtisadi mənfəətimiz, eyni zamanda, bölgədəki, dünyadakı rolumuz artacaq.

Biz bütün bu işləri ona görə edirik ki, ölkəmiz daha da güclü, mövqelərimiz daha da möhkəm olsun, dünyada daha da böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ona görə də biz neftdən əldə edilmiş gəlirləri digər sektorlara sərmayə kimi yatırırıq və bunun gözəl nəticələrini görürük. Bu ilin dörd ayında Azərbaycan ixracı 41 faiz artmışdır. O cümlədən qeyri-neft ixracımız 22 faiz artmışdır. Kənd təsərrüfatı ixracımız isə 44 faiz artmışdır. Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək. Azərbaycan bundan sonra da çoxşaxəli şəkildə inkişaf edəcək”.

OilGas.az

549 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ