BP-dən yeni sosial layihə – Dəyəri 488 min manat

BP-dən yeni sosial layihə – Dəyəri 488 min manat

Bu gün BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “AzACG-SOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCAR”, “TPAO”, “PETRONAS”, “AzBTC-SOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Statoil”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinin başlanmasını elan edib.

OilGas.az xəbər verir ki, layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin əhatə etdiyi 100 iştirakçı ümumi təhsil alıb, həmçinin universitet və peşə məktəblərini yeni bitirmiş şəxslərdir.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıq qurulmasını nəzərdə tutur. Bundan əlavə, bir qrup biznes təşkilatı artıq 100 nəfər layihə iştirakçısına təcrübə və məşğulluq imkanları təmin etmək öhdəliyi götürüb. Layihə çərçivəsində bu fəaliyyətin idarə olunması üçün həmin təşkilatlardan ibarət rəhbər komitənin yaradılması planlaşdırılır.

Layihəyə digər iş bilikləri ilə yanaşı, ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının öyrədilməsi də daxildir. İştirakçılar öz karyera istəklərinə uyğun olaraq ya vebsayt proqramlaşdırılması, dizayn, ya da tətbiqi proqramların, proqram təminatının hazırlanması üzrə təlimlər üçün qruplaşdırılacaqlar.

Proqram çərçivəsində həmçinin motivasiya yaratmaq məqsədilə üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin şəxslər öz uğurlu karyeralarını necə qurduqlarına dair təcrübələrini bölüşəcəklər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Biz layihəni elə tərtib etmişik ki, orada iştirakçılar özlərini gələcək məşğulluğa həm iş bilgisi, həm də psixoloji və sosial baxımdan hazırlaya biləcəklər. Bunlar istənilən təlim, yaxud təhsil proqramının mühüm elementləridir, lakin əgər proqramlar əlilliyi olan şəxslər üçün nəzərdə tutulubsa, onda həmin elementlərə daha ciddi diqqət ayırmaq tələb olunur. Məmnunuq ki, layihənin iştirakçısı olan insanların özlərinə əmin olmaları və cəmiyyətə inteqrasiya olunmuş hiss etmələri üçün zəruri olan bilik və bacarıqları əldə etmək üçün imkan yarada biləcəyik”.

Layihəyə cəlb ediləcək təlimçilər Xüsusi Təhsil Ehtiyacları üzrə Müəllimlərin Yetişdirilməsi təlimində iştirak edəcəklər. Bu proqram xüsusi, yaxud əlavə qurğuya ehtiyacı olan şəxslərə dəstək verilməsi, cəmiyyətə inteqrasiya və müxtəliflik tələb olunan hər hansı təhsil mühitində müəllimlərə kömək üçün nəzərdə tutulub.

Layihə “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək.

Layihənin ümumi dəyəri 488 000 manatdır. 1 il müddətində icra olunacaq layihə 2018-ci ilin sonunda başa çatacaq.

OilGas.az

368 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ