“BP Azərbaycan” tədqiqat kitabını təqdim etdi – “Cümhuriyyətin qurucuları”

“BP Azərbaycan” tədqiqat kitabını təqdim etdi – “Cümhuriyyətin qurucuları”

Bu gün “BP Azərbaycan” şirkəti Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat kitabını ictimaiyyətə təqdim edib.

OilGas.az xəbər verir ki, “Cümhuriyyətin qurucuları” adlı kitabın müəllifi tarixçi alim Nəsiman Yaqubludur.

Bakıda Rəsmi Qəbullar Sarayında kitabın təqdimatı mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Cümhuriyyət qurucuları” adlı kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə BP-nin hədiyyəsidir: “Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cumhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə töhfəsi əvəzsizdir və BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyini bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”.

Bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə Rusiya Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar 59 cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, “BP Azərbaycan” şirkəti həmçinin Azərbaycan Respublikasının son gününü və faciəvi süqutunu təsvir edən “Sonuncu iclas adlı sənədli filminin də sponsorudur.

44 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ