“Borcu qısa vaxtda ödəməyə çalışanlar güzəşt əldə edəcəklər” – Ekspert

“Borcu qısa vaxtda ödəməyə çalışanlar güzəşt əldə edəcəklər” – Ekspert

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında qanunun təsdiqlənməsi haqqında fərman imzalayıb.

Qanunda sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsini nəzərdə tutulur.

Bəs görəsən, təxminən 370 min nəfərə şamil olunacaq bu qanunla ümumilikdə nə qədər borc silinəcək, borcun nə qədər hissəsi dövlət büdcəsinə qayıdacaq?

Mövzu ilə bağlı OilGas.az iqtisadçı ekspert Rəşad Həsənova müraciət edib. Ekspert şərtli güzəştlərlə bağlı dəqiq rəqəmlər proqnozlaşdırmağın çətin olduğunu bildirib:

“Sosial Müdafiə Nazirliyinin açıqlamasından məlum olur ki, bütövlükdə bu qanunun tətbiqi təxminən 370 min şəxsə şamil olunacaq. 155 milyon manat birbaşa borcun silinməsi məsələsi gündəmdədir. 26 milyon borcun isə restruktizasiyası, yəni bu borclarda tam silinmə deyil, müəyyən şərtlər daxilində silinmə nəzərdə tutulur. Qanunun 3-cü maddəsində borcun silinməsinə dair müəyyən şərtlər verilib. Odur ki, bu silinən borcların nə qədər hissəsinin dövlətə qayıdacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Qanun 2006-cı ilə qədər yaranan borcların penya borcu və əsas borc daxil olmaqla bütövlükdə silinməsini nəzərdə tutur. Sosial Müdafiə Nazirliyinin hesablamalarına görə, bu təxminən 100 mln. manatlıq bir borcdur. 2006-2015-ci ilə qədər olan borcların penya hissəsinin tam silinməsi  nəzərdə tutulur. Nazirliyin hesablamasına görə, bu rəqəm təqminən  55 mln. manata bərabərdir. 2015-2018-ci illərdə yaranan sosial sığorta borclarına görə tətbiq olunan penyalar üçün isə şərtli güzəştlər tətbiq olunur. Yəni 2 ay ərzində penya borcunun 10%-i ödənsə, bu zaman  borcun 90%-i silinir, 4 ay ərzində borcun 30%-i ödənsə, 70%-i silinir, 6 y ərzində 50%-ini ödənsə, borcun 50%-i silinir. Burada təxminən 26 mln. manatlıq bir borcdan söhbət gedir.

Bu qeyd edilən şərtlərdən də məlum olur ki, borcun ödənilməsi üçün daha qısa müddətdə cəhd göstərən şəxslər güzəşt əldə edə biləcəklər. Mən tövsiyə edərdim ki, bu borclular çalışıb növbəti 2 ay ərzində, yəni aprel və may aylarında penya borclarının 10%-ini ödəsinlər ki, dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq borcların 90%-i silinsin”.

193 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ