Bitkoinin qiyməti 5 min dolları keçdi

Bitkoinin qiyməti 5 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti ötən ilin noyabr ayından bəri ilk dəfə 5 min ABŞ keçərək 5 025 dollara çatıb.

OilGas.az “Report”a istinadən xəbər verir ki, vaxtilə bitkoinin 100 min dollara qədər bahalaşacağı ilə bağlı proqnozlar səslənirdi. Amma bu baş verməyib.

“Coinmarketcap” nəşrinin məlumatına görə, ekspertlər mövcud vəziyyəti ABŞ-ın İstiqrazlar və Mübadilə Komissiyasının (SEC – Securities and Exchanges Comission) kriptovalyuta bazarının “əliəyri” iştirakçılarına qarşı kampaniyaya başlaması ilə əlaqələndirir. Bundan sonra bitkoinlə bağlı bədbin gözləntilər üstünlük qazanıb. Tanınmış iqtisadçı, ABŞ-ın Nyu-York Universitetinin Leonard Ştern Biznes Məktəbinin professoru Niruel Rubini kriptovalyuta macərasının 2018-ci ildə başa çatdığını bildirib. Bundan sonra əsas kriptovalyutalar, o cümlədən bitkoin dəyərdən düşüb, bu sahənin investorları əllərindəki rəqəmsal pulları tələm-tələsik satmağa çalışıb.

İndi isə bitkoinin bahalaşmasının səbəbləri və kriptovalyutanın gələcək perspektivləri barədə aktiv müzakirələr gedir. Mütəxəssislərin çoxu qiymət artımının möhtəkirlik olduğu qənaətindədir. Məsələn, “Veta” ekspert qrupunun direktoru Dmitri Jarski səbəb kimi bitkoinlə bağlı birdəfəlik satınalmanı göstərir: “ABŞ və Lüksemburqun birjalarında naməlum alıcılar 100 milyon dollar ödəyərək 20 min bitkoin alıb və bazarda canlanma yaradıb. Bitkoinin qiyməti 5 min dolları keçəndə zəncirvari şəkildə başqa kriptovalyutalara da maraq yarandı. Nəticədə bu bazara 170 milyard dollardan artıq sərmayə gəldi, gündəlik dövriyyə 14 milyard dolları üstələdi”.

Onun fikrincə, həmin alıcılar mənafeyini güdən sərmayəçilər qrupu və yaxud treydinq robotu ola bilər: “Həmin sövdələşmələrin vahid alqoritm idarəli sifariş olması əvvəlcədən düşünülmüş plan təəssüratı yaradır”.

Bitkoinin bahalaşmasına əsas görməyən Rusiyadakı Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Heydər Həsənov da möhtəkirliklə bağlı fikirləri bölüşür. Onun fikrincı, ən ağlabatan səbəb alqoritm sistemi vasitəsilə bir neçə birjadan bitkoinin satın almasını təşkil edən ayrıca alıcının olmasıdır: “Tələm-tələsik kriptovalyuta alanlar bundan sonra nə edəcəyini düşünürlər. Xüsusilə də 5 000 dollara yaxın vəsait ödəyənlər gözləmək və yaxud bitkoni satmaq barədə götür-qoy edirlər. Yaxın vaxtlarda daha yüksək qiymətə yeni alıcılar ortaya çıxmasa, onda 3 000 dollarlıq qiymətləri görə bilərik”.

219 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ