Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – 25 illik uğur

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – 25 illik uğur

Bu gün Bakı Ekspo Mərkəzində Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisi öz işinə başlayıb.

OilGas.az xəbər verir ki, 1994-cü ildən etibarən keçirilən və bu il 25 illik yubileyini qeyd edən sərgi hər il müxtəlif ölkələrin yüksək rütbəli qonaqlarını bir arada toplayır.

Bu il sərgi və konfransın yüksək rütbəli qonaqları arasında Neft ixrac edən ölkələr forumunun (OPEC) baş katibi cənab Məhəmməd Barkindo, İqtisadiyyat, Ticarət və Sənaye üzrə vitse-spiker cənab Daisaku Hiraki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Enerji siyasəti üzrə katib köməkçisinin müavini xanım Sandra Oudkirk, Başqırdıstan Respublikası Baş nazirinin müavini cənab Fərhad Səmədov, Avropa Komissiyasının Büdcə və İnsan Resursları üzrə Avropa Komissarı cənab Günter H. Oettinger, BP Upstream Baş icraçı cənab Bernard Luney, Qaz ixrac edən ölkələr forumunun (GECF) Baş katibi cənab Yury Sentyurin və digərləri var.

Sayca 25-ci olan “Caspian Oil & Gas 2018” sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus Respublikası, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunurlar. Builki sərginin tərkibi tədbir iştirakçılarının 20%-ni təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Bu yeni iştirakçıların əksəriyyəti Azərbaycanın neft və qaz bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Həmçinin sərgi iştirakçılarının 30%-ni təşkil edən yerli şirkətlər arasında da debütantlar var.

Sərgi sahəsinin 40% -ni “Caspian Oil and Gas” sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Ənənəvi olaraq, onların çoxu da sərginin sponsor qismində çıxış edirlər. Uzun illərdir ki, “Caspian Oil & Gas” sərgisinin baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və Equinor, gümüş sponsoru Turkiye Petrolleri, bürünc sponsorlar qismində isə Azeri Mi Drilling, Azfen, Baku Steel Company, Bos Shelf, Caspian Drilling, Caspian Marine Services, Global Energy Azerbaijan, Socar Polymer, Tekfen, Rusiya İxrac Mərkəzi və digərləri çıxış edir. Sərginin baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Builki sərgi dolğun işgüzar proqramı ilə fərqlənir. Sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində bir gün ərzində bir neçə əsas müştəri ilə işgüzar görüşlər keçirmək və danışıqlar aparmaq üçün əlavə fürsət – “B2B” formatlı görüşlər keçiriləcək. Bu görüşlərdə həm xarici, həm də yerli istehsalçılar iştirak edəcəklər. Sərginin işgüzar proqramını neft-qaz sənayesi təmsilçilərinin geniş dairəsi üçün aktual olan seminarlar tamamlayacaq. Belə ki, 30 may tarixində Bakı Ekspo Mərkəzində “Neft-qaz layihələrində avtomatlaşdırma mühəndisinin rolu” (“INKOEL” şirkəti), “TOFD metodu – personalın sertifikatlaşdırılmasının əsas prinsip, standart və üstünlükləri” (“UP Belqazpromdiaqnostika” şirkəti) “Avtomatik qaynaq kompleksləri” (“Magnatech” şirkəti) və “Passiv yanğından mühafizə tədbirləri” (“Graco” şirkəti) mövzularında seminarlar keçiriləcək.

Sərginin işgüzar proqramını müşayiət edən “Caspian Oil & Gas” beynəlxalq konfransı tədbirin əhəmiyyətli hissəsini təşkil edir.

Qeyd edək ki, Azərbaycanda ilk ixtisaslaşdırılmış neft-qaz sərgisinin təşəbbüskarı, qlobal neft-qaz şirkətlərini Azərbaycan neft-qaz sənayesinin inkişafına cəlb etmək üçün bu sərgini yaxşı platforma hesab edən Ümummilli Lider Heydər Əliyevdir. 1994-cü ildən etibarən “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

146 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ