BƏƏ sentyabrdan hasilatı 10% azaldacaq

BƏƏ sentyabrdan hasilatı 10% azaldacaq

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin tənqidi nəticə verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süxeyl əl-Mazrui Abu-Dabi milli neft şirkətinin (ADNOC) hasilatı azaldacağını bildirib. Onun sözlərinə görə,  sentyabr ayından etibarən şirkət Murban, Das və Yuxarı Zakum yataqlarından hasilatı 10% azaldacaq.

Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatına əsasən, BƏƏ hasilatı gündəlik 139 min barel azaltmaq vədinin sadəcə 54%-ni reallaşdırıb. Lakin BƏƏ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən yeganə OPEC ölkəsi deyil. İEA-nın məlumatına görə, İraq hasilatı 210 min barel azaltmaq barədə öhdəlik götürsə də, bunun sadəcə 50%-ni yerinə yetirib. Venesuela isə hasilatı gündəlik 95 min barel azaltmaq barədə vədinə 39% əməl edib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddəti daha 9 ay üçün uzadılıb.

OilGas.az

 

260 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ