Baş direktor: “Star” NEZ yanvarda ilk məhsullarını satacaq

Baş direktor: “Star” NEZ yanvarda ilk məhsullarını satacaq

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodu (NEZ) gələn ilin yanvar ayında ilk məhsullarını bazara çıxaracaq.

OilGas.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Star” NEZ-in baş direktoru Mesut İlter deyib.

“Zavoddakı bütün qurğular sınaqdan keçirilib. Biz ilk məhsulları istehsal etməyə başlamışıq və yanvar ayında bazara çıxarmağı planlaşdırırıq. İlk məhsulları “Petkim” şirkətinə satmaq istəyirik. Bu, simvolik bir addımdır”, – deyə M.İlter qeyd edib.

Baş direktor bildirib ki, “Star” NEZ-in 2019-cu ildən etibarən tam gücü ilə işləməsi gözlənilir. Zavod ildə 5 milyon ton dizel yanacağı, 1,5 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal edəcək. Zavod istehsala başladığı zaman burada 1100 nəfər daimi işlə təmin olunacaq: “Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya edilib. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq”.

Qeyd edək ki, oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib.

NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar sərmayə yatırılacaq.

“Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay “Rosneft”lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.

Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.

10944 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ