Bakıda “Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumu keçirilir

Bu gün Bakıda II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumu öz işinə başlayıb.

“APA-Economics” xəbər verir ki, forum Bakı Ali Neft Məktəbi, SOCAR və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətlərinin dəstəyi ilə təşkil edilir.

Xəzər regionunun aparıcı tədbirlərindən sayılan bu foruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstanın dövlət qurumları və ən böyük neft-qaz şirkətləri qatılıb.

Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, borular və dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə təqdimatlar ediləcək və müzakirələr aparılacaq.

Konfransın açılış mərasimində SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru, forumun Proqram Komitəsinin həmsədri Elmar Qasımov, “Confidence Capital Ltd” şirkətinin baş direktoru, forumun Proqram Komitəsinin həmsədri Andrey Rudenko, Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, energetika naziri Natiq Əliyev, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak edəcəklər.

Bundan başqa, forumun ilk günündə “Azərbaycanın neft-qaz strategiyası” mövzusu ilə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, “Azərbaycanda neft-emalı və neft-kimya sahələrinin inkişaf perspektivləri” mövzusu ilə SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev, “Azərbaycanın neft emalı və neft-kimya sənayesi – yeni layihələrin reallaşdırılması” mövzusu ilə “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov, “Xam neftin, neft məhsullarının və neft-kimya məhsullarının satışı və marketinqi” mövzusu ilə SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar idarəsinin rəisi Ədnan Əhmədzadə, “Avrasiyada dəyişən enerji landşaftında Azərbaycanın rolu və perspektivləri” mövzusu ilə “Platts” agentliyinin baş redaktoru Nik Koulman çıxış edəcəklər.

Həmçinin, Beynəlxalq Enerji Agentliyinin MDB və Xəzər regionu üzrə Proqram siyasəti meneceri Taliya Vatman “Tələbin və təklifin neft məhsullarının ixrac istiqamətlərinə təsiri. 2022-ci ilə kimi proqnoz. Xəzər və Aralıq dənizi hövzələrində ticarət axınları və tələbat”, “Xaznah Strategiyaları”nın idarəedici partnyoru Pyotr Kaznaçeyev “İnamsızlıq və geosiyasi risklərin artması şəraitində quruculuq. Bazarın proqnozlaşdırılmasına və analizinə yeni yanaşmalar”, “Thomson Reuters”in baş redaktoru Aleksandr Yerşov “Xarici bazarların konyunkturasının dəyişdiyi halda Xəzəryanı ölkələrin neft hasilatçılarının ixrac imkanları” mövzularında çıxış edəcəklər.

Sabah isə II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunun ikinci günü keçiriləcək.

Qeyd edək ki, forumda 150-dən artıq rəhbər şəxsin və yüksək səviyyəli mütəxəssislərin iştirakı gözlənilir. Forum aprelin 28-dək davam edəcək.

 

OilGas.az

483 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ