Bakıda “Caspian Energy Forum-2017” keçirilir

Bakıda “Caspian Energy Forum-2017” keçirilir

 

Aprelin 12-də Bakıda IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilir. Forum Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.

OilGas.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olduğunu deyib. “Bundan əvvəlki üç forum da Bakıda təşkil olunmuşdu. Belə forumlar dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da uğurlu olacaq”, – deyə T.Əliyev bildirib.

Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin IV Beynəlxalq “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciətləri səsləndirilib.

Sonra forum öz işini sessiyalarla davam etdirib.

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “Azərbaycan Respublikasının iqtisadiyyatının islahatlaşmasında Dövlət Gömrük Komitəsinin rolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ötən il gömrük tarixində ciddi islahatlar və şəffaflığın təmin olunması ilə yadda qalıb. Görülən işlərə elektron bəyannaməyə keçid, yaşıl dəhlizin tətbiqi və sair işlər daxildir.

Forumun birinci hissəsində Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dünya enerji bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Enerji, nəqliyyat və infrastruktur layihələrində, Xəzərin ehtiyat potensialında Azərbaycanın hakim mövqeyi diqqət yetiriləcək əsas məsələlərdən olacaq.

Forumda Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər.

OilGas.az

457 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ