“Azneft” bu il 3 mln. ton neft hasil edib

“Azneft” bu il 3 mln. ton neft hasil edib

Bu ilin yanvar-iyun ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 3 mln. 71,5 min ton neft və 2 mlrd. 557,2 mln. kubmetr qaz hasil edilib.

“Azneft” İB-dən OilGas.az-a verilən məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 6 ayı ərzində “Azneft”in sifarişi əsasında 36 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 22138 ton neft hasil edilib.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 320 geoloji tədbir keçirilib, nəticədə 101,539 min ton neft hasil edilib ki, bu da plana qarşı 47 tədbir çox və 40,093 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 20,894 min ton plana qarşı 26,304 min ton neft hasil edilib.

Ötən altı ayda fəaliyyətsiz quyu fondundan 33 quyu nəzərdə tutulduğu halda, 55 quyu istismara qaytarılıb. Bu quyulardan isə 15 min 321,5 ton əlavə neft alınıb.

OilGas.az

292 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ