“Azərişıq” artıq bu sahədə də xidmət göstərəcək

“Azərişıq” artıq bu sahədə də xidmət göstərəcək

“Azərişıq” ASC-nin “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub.

“Azərişıq” ASC-dən OilGas.az-a verilən məlumata görə, bu gündən etibarən ölkədəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayıb.

Bildirilib ki, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün tələb olunan sənədlər ərizə, müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, arayış (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə), arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnaməsi və ya ölüm haqqında şəhadətnaməsidir.

Yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda 5 gün, olmadıqda isə 1 gün ərzində təmin ediləcək. Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Azərişıq”a təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.

Beləliklə, səhmdar cəmiyyətin “ASAN Xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlərin sayı 11-ə çatıb. Həmin xidmətlər isə əhali abunəçilərinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb sənəd verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abunəçilərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abunəçinin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali aunəçisinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.

217 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ