“Azərişığ”ın idarələrindən biri ləğv edilib

“Azərişığ”ın idarələrindən biri ləğv edilib

“Azərişıq” ASC-nin tabeliyində olan “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) iki yerə bölünərək yerində “Cənub” və “Şirvan” RETSİ yaradılıb və bununla da qurumun tabeliyində olan RETSİ-lərin sayı 8-ə çatıb.

OilGas.az Reporta-a istinadən xəbər verir ki “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev bu faktı təsdiq edib.

T.Mustafayev yeni yaradılan idarələrə tabe olan şəhər və rayonların adlarını da açıqlayıb:

“Mərkəzi Lənkəran şəhərində yerləşən yeni “Cənub” RETSİ-yə Lənkəran, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara və Masallı elektrik şəbəkələri daxildir. Mərkəzi Şirvan şəhərində yerləşən “Şirvan” RETSİ-yə isə Şirvan, Salyan, Hacıqabul, Neftçala elektrik şəbəkələri tabe edilib. Bununla yanaşı, əvvəllər “Aran” RETSİ-yə daxil olan Saatlı və Sabirabad elektrik şəbəkələri də hazırda “Şirvan” RETSİ-nin tabeliyindədir”.

Qurum rəsmisinin sözlərinə görə, aparılan dəyişikliklər abonentlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir:

“Bu vaxta qədər mövcud olan “Cənub” RETSİ-nin əhatə dairəsi geniş idi. Bu isə abonentlərə müəyyən narahatlıq yaradırdı. Bundan sonra isə Lənkəranda yaşayan hansısa abonentin Şirvan şəhərinə gəlməyinə ehtiyac qalmayacaq. Yeni strukturlaşma “Azərişığ”ın gördüyü işlərin keyfiyyətini və operativliyini daha da artıracaq. Həmçinin abonentlərimizin rahatlığını təmin edəcək. “Azərişıq” olaraq “Səyyar Asan” vasitəsi ilə mütəmadi olaraq abonentlərə xidmət göstəririk. Təkcə sonuncu dəfə 2 gün ərzində Cəlilabadın 3 kəndində olan 100-dən çox abonentə texniki şərt vermişik və bu işlər bundan sonra da davam etdiriləcək”.

Qeyd edək ki, “Şirvan” RETSİ-yə Hikmət Həsənov, “Cənub” RETSİ-yə isə Əbülfət Paşayev rəis təyin edilib. H.Həsənov ləğv edilən “Cənub” RETSİ-nin sonuncu, Ə.Paşayev isə həmin idarənin keçmiş rəisi olub.

Xatırladaq ki, 2015-ci ilin mayında “Azərişığ”ın yeddi – Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran və Bakı Regional Enerji Təchizatı və Satışı İdarələri yaradılıb.

OilGas.az

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ