“Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır”

““Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir”.

OilGas.az xəbər verir ki, bunu prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edən zaman deyib. Dövlət başçısı bu gözəl hadisə münasibətilə hər kəsi təbrik edib:

““Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir.

Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur, biz gəmiqayırma zavodunda bunu inşa edə bilməyək. Hazırda dörd yeni gəmi tikilir – ikisi bərə, ikisi tanker.

“Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. Bu da dövlətimizin gücünü göstərir. “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidməti olacaq.

Bu gün mənə verilən məlumata görə, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri Azərbaycandadır, Azərbaycanda tikilib. Bu gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti Azərbaycan mütəxəssisləridir. Yəni, bu gəminin tikintisi ilə eyni zamanda treninq, hazırlıq işləri də aparılmışdır ki, bu gün həm gəminin kapitanı, həm də bütün heyət üzvlərinin əksəriyyəti yerli kadrlardır.

Bir daha demək istəyirəm ki, bu, çox əlamətdar, tarixi hadisədir. “Şahdəniz” qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə də işlər yaxşı gedir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil.

Biz bütün bu işləri ardıcıl şəkildə aparırıq. Sərmayə qoyulub, xarici tərəfdaşlarla işlər düzgün qurulub. Azərbaycanda platformalar, üzən qurğular, belə nəhəng gəmilər, Səngəçal terminalı, neft-qaz kəmərləri inşa edilir. Azərbaycanın neft-qaz sektoruna kompleks şəkildə, düşünülmüş və planlı surətdə böyük sərmayə qoyulub. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm SOCAR şirkətlərinin birgə fəaliyyətini də qeyd etməliyəm. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır.

Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir. Yəni, nəqliyyat, energetika infrastrukturumuzun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir”.

OilGas.az

299 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ