“Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür”

“Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür”

““Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. “Şahdəniz” layihəsinin əhəmiyyətindən bəhs edən dövlət başçısı qeyd edib ki, sərginin əhəmiyyətindən danışarkən “Şahdəniz” layihəsini mütləq qeyd etməliyik: “Çünki bəlkə çoxları unudub ki, “Şahdəniz” layihəsi üzrə kontrakt 1996-cı ildə məhz neft-qaz sərgisi zamanı imzalanmışdır. O vaxt Azərbaycan ancaq neft ölkəsi kimi tanınırdı. “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çevirdi. Bu gün “Şahdəniz” layihəsi olmadan biz regional əməkdaşlığı təsəvvür edə bilmərik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz, – əlbəttə, əgər biz bərpaolunan enerjiləri nəzərə almasaq, – ən ucuz və ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır.

“Şahdəniz” yatağının işlənilməsi artıq neçə ildir ki, davam etdirilir. Biz, eyni zamanda, bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq on ildir ki, istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, o layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır. Çünki bu layihələrdə on minlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə, bunun ölkələr arasındakı münasibətlərə də çox müsbət təsiri var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft-qaz kəmərləri böyük sərvətimizdir.

“Şahdəniz” layihəsinin ikinci fazasının işlənilməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. Cənub Qaz Dəhlizinin dörd seqmentində işlər uğurla gedir. Mən bu yaxınlarda bu rəqəmləri səsləndirdim. Bir daha o rəqəmləri səsləndirmək istəyirəm ki, sərgi iştirakçıları bunu bilsinlər. “Şahdəniz-2” layihəsinin icrası 93 faiz səviyyəsindədir. Biz bu yaxınlarda “Şahdəniz” platformasının üst hissəsini də dənizə yola salacağıq. Cənubi Qafqaz kəmərinin icrası 85 faiz səviyyəsindədir. Bu kəmər Azərbaycanı Gürcüstan ilə birləşdirir. TANAP layihəsi, – hansı ki, artıq 2012-ci ildə müqavilə bağlanmışdır, – uğurla icra edilir. TANAP layihəsinin icrası 72 faiz səviyyəsindədir. Biz gözləyirik ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd edək. Dördüncü layihə TAP layihəsidir. Orada da icra səviyyəsi 42 faizdir. Yəni, bu rəqəmlər özlüyündə bir göstəricidir. Bu rəqəmlər göstərir ki, bütün işlər plan üzrə gedir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının tamamlanmasına yaxınlaşırıq.

Bu il Bakıda Cənub Qaz Dəhlizinin üçüncü Məşvərət Şurası keçirilmişdir. Qəbul edilmiş qətnamə bir daha göstərir ki, Azərbaycan bu layihənin lideridir. Məşvərət Şurasında bu layihənin tərəfdaşı olan yeddi ölkənin yüksək vəzifəli nümayəndələri iştirak etmişlər. Həmçinin Balkan ölkələrindən bizim potensial tərəfdaşların təmsilçiləri, Amerika Birləşmiş Ştatlarından, Böyük Britaniyadan yüksək vəzifəli nümayəndələr, Avropa Komissiyasının vitse-prezidenti iştirak etmişlər. Yəni, bu, böyük bir toplantı idi. Bu toplantının nəticəsində qəbul edilmiş qətnamə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə liderlik rolunu qeyd etmişdir.

Onu da qeyd etməliyəm ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfədir keçirilir və bu toplantıların çox böyük əhəmiyyəti var. Çünki bu görüşlərdə bütün görülmüş işlər təhlil edilir və ən önəmlisi ondan ibarətdir ki, gələcək fəaliyyət üçün biz birgə proqram tuturuq və onu icra edirik. Əminəm ki, gələn ilin əvvəlində keçiriləcək dördüncü Şuranın iclasında biz artıq yeni uğurlar haqqında danışacağıq”.

OilGas.az

2145 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ